“Sabah”la matçdan öncə hamımız qələbəyə inanırdıq. Oyundan qabaq da bu barədə danışmışdıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev deyib.

O, komandasının Misli Premyer Liqasının 17-ci turunda “Sabah” üzərində 2:0 hesablı qələbəsindən danışıb: “Bu matça qədər oynadığımız oyunlarda yaxşı çıxış etmişdik. “Neftçi”, “Səbail” və “Zirə”yə qarşı matçlarda komandanın yüksəlişdə olduğu görünürdü. Nəticəsi də “Sabah”la matçda təsdiqləndi. Əlimizdən gələni etdik ki, 3 xalı əldə edək və bunu bacardıq. Qələbəni çox istəyirdik. Bilirdik ki, yaxşı oyunumuzun bəhrəsini görəcəyik. Çünki həmin oyunlarda heç nədən xallar itirmişdik. Xüsusən “Səbail”lə matçı qeyd etmək istəyirəm, o, görüşdə bəxtsizlik oldu və son dəqiqələrdə qol buraxdıq. Hər mövqedə mübarizə apardıq, “döyüşdük”. Bundan sonra qış fasiləsinə qədər 1 oyun var. “Turan Tovuz”a qarşı oynayacağıq. Çətin səfər matçı olacaq. Asan matç onsuz da yoxdur. Kimlə oynayırsansa, gərgin keçir, çətinliklə xal qazanırsız”.

29 yaşlı futbolçu kubokda “İrəvan”a qarşı keçirəcəkləri oyundan və bir həftədə iki matç oynamaqlarından söz açıb: “Bir həftədə iki oyun oynamaq heç də çətin olmaz. Çünki komandalar hamısı formadadır və heyətdə rotasiyalar da etmək mümkündür. Bütün oyunçular buna alışıb. “İrəvan”la matça köklənmişik. Rəqibin kimliyindən asılı olmayaraq meydana qalibiyyət üçün çıxırıq. I Liqa təmsilçisi olmasına baxmayaraq, onların da hədəfi var. Yuxarıdan aşağı baxmaq olmaz. Çünki əvvəlki illərdə bu cür rəqiblərin favoritləri necə udduğunu görmüşük. Çalışacağıq ki, tam ciddi olaq və meydanda gücümüzü ortaya qoyaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp