“Qarabağ” Misli Premyer Liqasının cari mövsümünə uğursuz başlamışdı. İlk 5 turdan sonra komanda 2 dəfə uduzmuş, üstəlik, evdə “Kəpəz” xal hədiyyə etmişdi. Amma ağdamlılar toparlandıqca digər komandaların ona rəqib ola bilməyəcəyini isbatladı. Hamının eynigüclü olub bir-birini büdrətdiyi yarışda ağdamlılar nəfəs dərmədən qələbələri sıralayıb zirvədə möhkəmləndi.
Dünən mövsümün ilk yarışının bağlanış matçında “Zirə” üzərində qələbə həm də revanş idi. Çünki açılış turunda məhz “qartallar” tarixi ərzində ilk dəfə “Qarabağ”ı məğlub etmişdi. Bu dəfə də tək qol vuruldu, amma 3 xalı ağdamlılar apardı.
18 tur keçib, “Qarabağ” ən yaxın izləyicisindən 12, əsas rəqibi “Neftçi”dən 13, daha bir iddialı “Sabah”dan 19, son pillənin sahibindən 27 xal öndədir. Bu templə davam edəcəyi halda, Qurban Qurbanovun yetirmələri 4-cü dövrəyədək çempionluğu bayram edəcək. Zarafat deyil, qalan 18 oyunun 4-də məğlubiyyət alması da “Qarabağ”ın zirvədən enməsinə imkan verməyəcək. Komandanın indiyədək cəmi 3 dəfə məğlub olduğunu nəzərə alsaq, başqasının çempion olması üçün Qurbanov hər tur əvəzedicilərə şans verməlidir.
Çempionluğun taleyi indidən bəllidir, amma avrokuboka vəsiqə uğrunda amansız mübarizə gedəcək. “Zirə” son turları bərbad keçirsə də, son 5 turda cəmi 2 xal qazansa da, ən şanslı vəziyyətdədir. Qəsəbə təmsilçisi mövsümün əvvəlində yığdığı ehtiyat sayəsində fasiləyə 2-ci pillədə yollanmağı bacardı. Cəmi 10 top buraxan komandanın müdafiə planında işləri qaydasındadır, lakin hücumdakı problemlər mütləq həll edilməlidir. 18 oyuna cəmi 13 qol vuran komanda bu statistika ilə uzağa gedə bilməz.
Baş məşqçi Rəşad Sadıqov bunun fərqindədir, dəfələrlə hücumla bağlı seçimlərinin düzgün olmadığını, daha doğrusu, istədikləri kimi güclənmədiklərini bildirib. İndi çatımazlığı aradan qaldırmaq lazımdır, əks halda, mövsümün sonunda şikayətlənməyə əsas olmayacaq.
“Neftçi” nin bu qədər problemə rəğmən ilk yarını 3-cü sırada bitirməsi qeyd olunmalıdır. Mövsümün əvvəlində uğurlu məşqçi seçimi olsaydı, komanda daha yaxşısını bacarardı. Adrian Mutuya rəğmən, komanda bəzi vacib oyunlarda önəmli xallar qazandı, digərlərindən geri qalmadı. İddialılara üstün gələ bilməyən bakılıların əsas üstünlüyü zəiflərə aman verməməsidir.
Dünən “Kəpəz”lə oyunda da belə oldu. Köməkçiləri rumın baş məşqçidən daha cəsarətli davrandı, nisbətən doğru start heyəti qələbənin qazanılmasına səbəb oldu. Hər nə qədər faydasız transferlər çox olsa da, “Neftçi”nin heyətinin məşqçi olmadan belə ilk “üçlük”də qərarlaşmağa imkan verdiyini dəfələrlə vurğulamışıq. Futbolçuların fərdi keyfiyyətləri paytaxt təmsilçisinin ayaqda qalması üçün yetərli olub. Yeni baş məşqçinin Mutudan daha yaxşı işləyəcəyinə əminik və komandanın mövsümü 2-ci pillədə başa vuracağını indidən proqnozlaşdırmaq olar.
Mövsüm yarılandı. “Qarabağ”ın durumu aydındır, daha 7 komandanı bir-birindən elə 7 xal ayırır. Qış fasiləsindən daha səmərəli istifadə edənlərin avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını demək olar. Son pilləni bölüşən “Kəpəz”lə “Qəbələ” isə yəqin ki, sonadək qiyabii mübarizə aparacaq. Amma fasiləni boşa verənlərdən kiminsə onlara qoşulması da istisna deyil.
FƏRİD