“Neftçi” rəhbərliyi fəxr edə bilər. Məşqçi dəyişikliyini o qədər xəlvət reallaşdırdılar ki, hər şeydən yalnız son gündə xəbər tutduq.
Adrian Mutuyla bağlı xəlvəti addımlar yalnız “Kəpəz”lə oyun günü aşkara çıxdı. Sən demə, rəhbərlik yayda etdiyi səhvin fərqinə varıbmış, iki illik layihənin bacarıqsız birinə həvalə edildiyini anlamaq üçün iki dövrə kifayət edibmiş. Ziyanın yarısından qayıtmağı da faydalı bilib hər şey əldən çıxmamış həlledici qərarı verdilər.
Doğrudur, bu işdə rumınların da yardımı oldu. Mutu ölkəsində hələ də arzulanan şəxs olduğundan onunla müqaviləni kiçik kompensasiya sayəsində qarşılıqlı anlaşma ilə pozmaq mümkün oldu. Təyinatın elə dünən reallaşması “Neftçi” düşərgəsində doğru qərarların verildiyini, məşqçi seçimi aparıldığını göstərdi.
Məşqçi əvəzlənməsini klubun idman direktoru Yens Anderssonun “Neftçi”də ilk real işi saya bilərik. Klub rəhbərliyi menecer Kamil Məmmədovun faydasız işinin fərqinə varıb isveçliyə qulaq asdı və onun seçimini əvvəlkindən daha yaxşı saya bilərik. Miodraq Bojoviçi ən ideal namizəd saymırıq, lakin rumın çalışdırıcıdan yaxşı olduğu dəqiqdir. Heyətdəki faydasız əcnəbiləri daha layiqliləri ilə nə qədər tez əvəz etmək mümkün olsa, paytaxt klubu bir o qədər erkən toparlanar. Bir şərtlə ki, heyət Bojoviç və Anderssonun istəyi ilə yenilənsin, Məmmədov yaxına buraxılmasın.
Bojoviçin klubları əlcək kimi dəyişməsi, 19 dəfə təyinat alması, heç bir yerdə 2 ildən artıq işləməməsi ona şübhə doğuran faktlardır. Lakin 10 il Rusiyada çalışması, bir neçə dəfə iddialı klubarda fəaliyyət göstərməsi gözardı edilə bilməz. Onun karyerası ilə bağlı tanıtma yazımız olacaq, ilk təəssürat isə yaxın coğrafiyada fəaliyyət göstərməsi, şiml qonşumuzda çalışarkən özünü heç də pis göstərməməsidir. O d var ki, “Neftçi” heç vaxt əcnəbi məşqçilərdən xeyir görməyib, bütün uğurlarını yerlilərlə qazanıb.
Bojoviç təqdimat mərasimindəki çıxışı ilə ümid verdi və realist olduğunu göstərdi. O da anlayır ki, “Qarabağ”ın yaratdığı fərqi qapamaq üçün qısa müddət kifayət etməyəcək. Bununla belə, bəhanə gətirmir, sələfini günahlandırmır və hazırda mümkün görünən maksimum hədəfə köklənib: “Mən bilirəm ki, “Neftçi” köklü klubdur. Təbii ki, burada işləmək də asan olmayacaq. Ümumiyyətlə, heç yerdə işləmək asan deyil. Qarşıya qoyulan minimal hədəf çempionatı ikinci pillədə başa vurmaq və kuboku qazanmaqdır”.
İlyarımlıq müqavilə bağlayan mütəxəssisin gələn mövsüm komandada qalması üşün vədinə əməl etməsi lazımdır. Yəqin ki, çempionatda hədəfə çatmaq mümkün olacaq. Hətta Mutu komandanın 2-ci yer uğrunda mübarizə aparmasına əngəl ola bilməyibsə, deməli, gümüş medalı qazanmaq mümkündür. Qalır kubokda daha irəli getmək və avrokuboklar üçün yaxşı komanda formalaşdırmaq. Bunu etmək mümkün olsa, ona yenə vaxt veriləcək.
O da var ki, Mutudan fərqli olaraq, Bojoviçin daha çox vaxtı var. O, rumın çalışdırıcı kimi mövsümün startı ərəfəsində təyin olunmayıb, qış hazırlığını planlaşdırmağa, transferləri vaxtında etməyə zaman kifayət qədərdir. Qış yuxusuna getmədən işə başlamaq lazımdır.
AĞA