Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonra ən böyük nailiyyətlərindən birini idmanda qazanıb. Bunun da əsas səbəkarlarından biri ölkə prezidenti İlham Əliyevdir. Məhz onun idman azarkeşi , idmana sevgisinin olması nailiyyətlərimizin əsasını qoydu.
1997-ci ilin iyulunda İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi respublikamızın idman həyatında dönüş nöqtəsi, yeni eranın başlanğıcı oldu. Dövlət başçısı bütün bölgələrdə müasir idman infrastrikturunun yaradılmasına dair nəhəng quruculuq layihələrini həyata keçirib. Onun sərəncamları əsasında mükəmməl fəaliyyət mexanizmi yaradılıb, yeni idman qurğuları tikilib, komandalarımızın beynəlxalq yarışlarda müntəzəm iştirakı təmin olunub.
İndiki günlərimizdə Beynəlxalq Olimpiya Komitəsinin, dünyanın digər idman təşkilatlarının nümayəndələri, məşqçi və mütəxəssislər etiraf edirlər ki, prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan idmanı az qala bir əsrlik inkişaf yolu keçib. Bu yol bizi qələbədən qələbəyə, zirvədən zirvəyə aparır. Bu yolun ayrı-ayrı mərhələlərinə nəzər salmaqla deyilənlərin doğru olduğuna inanmamaq olmur.
1998-ci ildə məhz İlham Əliyevin təşəbbüsü ilə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak etdi. Yaponiyanın Naqano şəhərində keçirilən yarışlarda Azərbaycan da olimpiya ideallarına sadiqliyini nümayiş etdirdi, bu hərəkatın tərəqqisi naminə öz töhfəsini verdi. O vaxtdan bəri respublikamız qış olimpiadalarının daimi iştirakçısına çevrildi.
2000-ci ildə Sidneydə keçirilən yarışlarda Azərbaycan komandası 2 qızıl və 1 gümüş medal qazandı.Bu nəticə İlham Əliyevin rəhbərliyilə idman nümayəndə heyətimizin Yay Olimpiya Oyunlarında ilk böyük uğuru kimi tarixə yazıldı.
2000-ci ildə Bakıda Milli Olimpya Komitəsinin inzibati binasının, habelə, yeni olimpiya kompleksinin açılış mərasimi oldu. Onların istifadəyə verilməsi ölkə rəhbərliyinin Azərbaycanda idman və olimpiya hərəkatına nə qədər böyük əhəmiyyət verildiyini göstərirdi.
2001-ci ildə Maştağa qəsəbəsində olimpiya kompleksi açıldı. Növbəti il Naxçıvan, Gəncə və Şəki şəhərlərində də olimpiya kompleksləri yaradıldı.
2003-cü ildə İlham Əliyev Azərbaycan prezidenti seçildi. Ölkə başçısı eyni zamanda Milli Olimpya Komitəsinin prezidenti kimi fəaliyyətini davam etdirəcəyini bildirdi. Onun rəhbərliyi ilə idmanımızın maddi-texniki bazasını gücləndirmək, idmançılarımızın məşq və məişət şəraitini yaxşılaşdırmaq üçün tədbirlər planı hazırlandı.
Həmin il Bakıda müasir idman atıcılığı kompleksi yaradıldı. Ardınca Lənkəran, Quba və Bərdə olimpiya kompleksləri istifadəyə verildi. Qısa müddət ərzində Azərbaycan Taekvondo Federasiyasının iqamətgahı və təlim-məşq kompleksinin açılışı oldu.
2004-cü ildə Azərbaycan Həndbol Federasiyasının yeni arenası tikildi. Ölkə başçısı İlham Əliyevin rəhbərliyilə yaradılan bu qurğuların səmərəsi Azərbaycan idmançılarının Afina Olimpiadasında qazandığı yüksək nailiyyətlərdə əksini tapdı. Respublikamızın nümayəndələri Olimpiya Oyunlarını 1 qızıl və 4 bürünc mükafatla başa vurdular.
Həmin dövrdə Milli Olimpiya Komitəsinin beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Yüksək rütbəli idman məmurlarının ölkəmizə gəlişi adi hala çevrildi.
Artıq 2000-ci illərin əvvəlindən respublikamızda dünya və Avropa çempionatları, mötəbər turnirlərin keçirilməsi ənənəyə çevrildi. Bütün bunlar ölkədə yeniyetmə və gənclərin idmana marağını artırdı və bütövlükdə idmanın inkişafına güclü təkan verdi. Bunun da məntiqi nəticəsi kimi, ümumdünya idman hərəkatının inkişafında müstəsna xidmətlərinə görə ölkə başçısı İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı – Olimpiya ordeni ilə təltif edildi.
2005-ci ildə olimpiya komplekslərinin inşası prosesi davam etdirildi. Həmin ildə Şamaxı və Zaqatalada olimpiya kompleksləri açıldı, Goranboy, Ağdam, Lənkəran və Yardımlı stadionları istifadəyə verildi.Artıq hər bir bölgə Olimpiya kompleksinin vacibliyini anladı. Buna görə də tendensiya sonrakı illərdə də davam etdi. Nəticədə demək olar ki, Azərbaycanın hər bir yerində uşaq və gənclərin idmanla məşğul olmasını təmin etmək üçün nəzərdə tutulan komplekslər istifadəyə verildi.
Bütün bunlar ölkəmizdə nüfuzlu yarışların sayını artırdı. 2007-ci ilin sentyabrında Bakıda güləş üzrə dünya çempionatı təşkil edildi. Təntənəli açılış mərasimlərində iştirak etməklə dövlət başçısı idmana sevgisini bir daha xalqımıza nümayiş etdirirdi. Həmin il ölkəmizdə baş tutan digər bir mötəbər yarış bədii gimnastika üzrə Avropa çempionatı oldu.
Olimpiya oyunlarının ölkəmiz üçün necə əhəmiyyətli olmasını prezident İlham Əliyevin yarışlarda bilavasitə iştirakı sübut edir. Cənab Prezidentin 2008-ci ildə Pekində keçirilən oyunların açılış mərasimində iştirak etməsi idmançılarımızın da gücünü artırdı və onların uğurlu nəticələr qazanmasına şərait yaratdı.
Paytaxtımızda daha bir mötəbər idman yarışı boks üzrə dünya çempionatı oldu. 2011-ci ildə baş tutan bu turnirin həm açılış mərasimini, həm də final döyüşlərini ölkə başçısı bilavasitə arenadan izlədi.
Növbəti il isə Azərbaycanın idman salnaməsinə şanlı bir səhifə kimi düşdü. 2012-ci ildə London Yay Olimpiya oyunlarında ölkəmiz 53 atletlə təmsil olundu. Ölkə başçısı və xanımı Mehriban Əliyeva Londonda 30-cu Yay Olimpiya oyunlarının açılış mərasimini fəxri qonaqlar arasında tribunadan izlədi, bir gün sonra İngiltərə paytaxtında “Azərbaycan günü” tədbirində çıxışı ilə idmançıları ruhlandırdı. Bu oyunlarda tarixi qələbələrə nail olan komandamız 2 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələndi. Bu nəticələr prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda idman siyasətinin parlaq qələbələri kimi əlamətdar oldu.
2015-ci il təkcə Azərbaycanın deyil, bütövlükdə dünya idmanının tarixinə Bakıda keçirilən ilk Avropa Oyunları ilə yazıldı. Bununla bağlı qərar təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, prezident İlham Əliyevin rəhbərliyilə yaradılan ictimai-siyasi sabitlikdən, yüksək iqtisadi nailiyyətlərdən irəli gəlirdi. Müstəqilliyinin cəmi 24-cü ilinə qədəm qoyan vətənimiz dünya miqyasında dinamik inkişafı ilə seçilən güclü ölkəyə çevrilmişdi. Bu amil sosial həyatın bütün sahələrində, o cümlədən, idmanın tərəqqisində Azərbaycanın imkanlarını xeyli genişləndirmişdi. Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunları, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın belə mötəbər idman tədbirini keçirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdiri.
Adətən, belə kütləvi tədbirə layiqincə hazırlaşmaq üçün azı 6-7 il vaxt ayrılır. Avropa Oyunlarının başlanmasına isə yalnız iki il yarım qalarkən bu yarışların Bakıda keçiriləcəyi məlum oldu. Rekord sayılan belə bir qısa müddət ərzində paytaxtımızda bütün hazırlıq işləri uğurla həyata keçirildi. Təkcə Azərbaycanda deyil, ümumən bölgədə ən böyük idman qurğusu sayılan, müasir tələblərə cavab verən nəhəng Olimpiya stadionu tikildi.
Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyilə paytaxtımızda yeni idman qurğuları yaradıldı. Mövcud olan idman qurğularında isə ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən yenidənqurma işləri görüldü.
1-ci Avropa Oyunlarında qitənin 50 ölkəsinin 6 mindən artıq idmançısı 20 idman növü üzrə yarışda mübarizə apardı. Açılış mərasimində beynəlxalq idman təşkilarlarının rəsmi nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycana verilən önəmin, habelə onun rəhbərinə göstərilən ehtiramın bariz nümunəsi oldu.
17 gün davam edən yarışlarda Azərbaycan oyunları yüksək səviyyədə təşkil etməklə yanaşı, idman ölkəsi olduğunu bir daha sübut etdi. Avropa oyunlarının proqramındakı 20 idman növü üzrə turnirdən 12-nin Rio Olimpiadasına lisenziya xarakter daşıması yarışların böyük əhəmiiyətinin göstəricisi idi. Bütün bunlar Avropa Oyunlarının olduqca maraqlı keçməsinə zəmin yaratdı.
2016-cı il idmanımızın böyük uğurları ilə əlamətdar oldu. Braziliyanin Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında Azərbaycan idmanın 17 növündə 56 atletlə təmsil olundu. Onlar Olimpiadanı 1 qızıl, 7 gümüş və 10 bürünc mükafatla başa vurdular. Bu, Olimpiadalar tarixində bizim ən yüksək nəticəmiz idi. Yarışlar ərəfəsində ölkə başçısının idmançılarımızla görüşü, onlara xeyir-dua verməsi komandamızın üzvlərində böyük ruh yüksəkliyi yaratdı, qələbə üçün əlavə stimul verdi.
Növbəti il heç də əlamətdarlığına görə əvvəlkilərdən geri qalmadı. Dünyanın ən reytinqli və bahalı idman növlərindən sayılan Formula 1 Azərbaycana gəldi.
Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən ölkəmiz üçün 2017-ci İslam Həmrəyliyi oyunlarını qəbul etmək elə çətinlik yaratmadı. Böyük təcrübə toplamış dövlətimiz daha bir mötəbərə turniri yüksək səviyyədə təşkil etməklə bacarığını nümayiş etdirdi. Əvvəlki illərlə müqayisədə paytaxtımız daha reytinqli yarışları qəbul etməyə başladı. Təşkilatçılığının yüksək olmasını sübut edən ölkəmizə daha nüfuzlu yarışlar etimad edildi. 2019-cu ildə Bakıda Avropa Liqasının final oyunu baş tutdu. Futbol üzrə 2020-ci il Avropa çempionatının ev sahiblərindən biri olmaqla Azərbaycan qitənin sayılıb-seçilən ölkələri arasında olduğunu göstərdi.
Bütün bunlar cənab prezidentin fəaliyyəti dövründə idmanda baş verən hadisələrin qısa hissəsidir. Onlar haqqında yazının yağlı nidasını isə cənab prezident dekabrın 21-də qoydu. İşğaldan tamamilə azad edilmiş ölkəmiz illərdir ürək ağrısı ilə adını çəkdiyimiz Xankəndidə Azərbaycan kubokunun oyununu keçirməklə nələrə qadir olduğunu nümayiş etdirdi.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu