Kimya nəhəngi “İneos”un sahibi Cim Ratkliff “Mançester Yunayted”in səhmlərinin 25%-ni alıb. Bu barədə İngiltərə klubun mətbuat xidməti məlumat yayıb.
Britaniyanın “Trawlers Limited” şirkəti klubun “B” sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə “A” sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb. Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları) təşkil edib.
Milyarder həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları 2024-cü ilin sonuna kimi ödəniləcək. “İneos” şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.
Bundan əvvəl “Qırmızı Şeytanlar” yalnız 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.