“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı qolkiperin Avropa Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılar sırasına daxil edilməsini şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, championat.com-a açıqlamasında deyib: “Düşünürəm ki, Andrey bu cür reytinqlərə sakit yanaşır. Uğurlarınızın qeyd olunması hər bir futbolçu kimi, yəqin ki, ona da xoşdur. Amma o, bundan böyük nəticə çıxarmır. Bu reytinq bütün qrup mərhələsindəki oyunu xarakterizə edir. Deməzdim ki, seyvlərin reytinqi birbaşa obyektivdir, çünki birinci yeri pley-offa vəsiqə qazana bilməyən “Aris”in qapıçısı tutur. Andreyin hər oyunda seyvləri olub. Bu uğuru qiymətləndirmək çətindir. Mən pafossuz danışıram, sadəcə bu statistikanı qeyd etmək lazımdır.

Birincisi, hazırda avrokuboklarda çoxlu rusiyalı futbolçu çıxış etmir. Bu, bütün ölkə üçün böyük bir üstünlükdür. Azarkeşlər bunu qeyd etməlidir. Onların Rusiyada kimi dəstəkləməsi önəmli deyil. Belə olan halda Lunyov rus qapıçılar məktəbini və rus futbolunu tərənnüm edir. Onun sayəsində Rusiya bir daha xatırlanır. Bu, hətta Rusiyadan bəzi futbolçularımızın transferləri üçün də müsbət təkan rolunu oynayır.

İkincisi, Andrey altı oyunun hamısını əla keçirdi. Hətta “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçda da yaxşı oyun nümayiş etdirdi. Bütün qarşılaşmalarda Andrey yeddi və daha yuxarı xal aldı. “Molde” ilə matçda Lunyov üç əla seyvlə komandasını qoldan xilas etdi. Andrey zədədən əvvəl 85 dəqiqə ərzində “Bayer”dən bir qol belə buraxmayan yeganə qapıçıdır. “Bayer” isə bu mövsüm artıq 25 oyun keçirib. Bütün bunları qeyd etməmək çətindir. Bu, Andreyin “Qarabağ”a keçməyinin düzgün seçim olduğunu göstərir. Azərbaycanda futbol elə səviyyədədir ki, Avropa yarışlarında oynamaqla özünü sübut edə bilərsən”.

A.Smirnov söyləyib ki, Lunyov qrup mərhələsindəki çıxışı ilə bütün tənqidlərə cavab verib: “Bayer”ə və “Qarabağ”a keçdiyimiz üçün bizi hər zaman amansız tənqid edirdilər. Dedilər ki, “Qarabağ”a bu anlaşılmaz keçid nəyə görədir? “Qarabağ”a keçid məhz anlaşılan oldu. Artıq 10 ildir ki, komanda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup turnirlərində çıxış edir. Bu mövsüm onlar ilk dəfə Avroliqanın pley-offuna yüksəliblər. Mən şadam ki, Andreyin bu uğurda rolu var”.

Shares: