Son illər “Neftçi” rəhbərliyi AFFA-nın Elxan Məmmədov dövründən bəri yürütdüyü strategiya ilə hərəkət edir. Söhbət əcnəbi məşqçilərlə anlaşmaq sevdasından gedir.

Ölkədə hamı bilir ki, yerli mütəxəssislər komandalarımızı əcnəbilərdən pis çalışdırmır, hətta onlardan daha yaxşı işləyirlər. Amma istər milli assosiasiyada əyləşənlər, istərsə də “Neftçi”ni idarə edənlər bunu qəbul etmək istəmir. Əslində, onlar özləri də bunu yaxşı anlayır. Amma hamıya məlum olan səbəblərdən kənardan mütəxəssis gətirməklə gözə kül üfürürlər. Yerliyə çatanda xəsislik edənlər əcnəbi mütəxəssisləri ovcunun içində saxlayır.

Bəli, Adrian Mutu ilə yollarını ayıran “Neftçi” elə həmin gün də Rusiya futbolundan yaxşı tanıdığımız 55 yaşlı monteneqrolu çalışdırıcı Miodraq Bojoviçi Bakıya gətirdi. Yəni, imkan vermədilər ki, futbol ictimaiyyəti bir neçə günlük də olsa, yerli məşqçilərin adını onların yadına salsın.

Yeni mütəxəssis Mutudan daha yaxşı məşqşidir. Yəni heç kim buna şübhə edə bilməz. Ən azı ortada gördüyü işlər olub. Amma bunlar Bakıda keçərli olacaqmı? Nəzərə alaq ki, tez-tez klub dəyişən “Qraf de Monteneqro” ləqəbli mütəxəssis son illər çalışdırdığı komandalarda uğur qazanmayıb. Amma karyerasının müəyyən dövrlərində çalışdırdığı komandalara fayda verib. Təbii ki, indiki məqamda onun “Neftçi”yə uğur qazandırmayacağını söyləməkdən asan heç nə yoxdur. Onsuz da əcnəbi məşqçilərdən heç kim “Neftçi”ni çempion etməyib. Amma yaxşısı budur, hər şeyi zamanın öhdəsinə buraxaq.

RADNIK ZVEZDA 02 - Futbolinfo.az

Bəs, monteneqrolunun Rusiya karyerasında nəticələri necə olub?

Miodraq Bojoviç son 15 ildə 2 mövsüm (2015-17-ci illərdə “Srvena Zvezda”nı çalışdırıb və hətta bir dəfə Serbiya çempionu olub) istisna olmaqla, yalnız Rusiyada işləyib. Monteneqrolu mütəxəssisin şimal qonşumuzun çempionatında ümumi karyerasına baxsaq, sonlara yaxın ciddi eniş yaşadığını görərik. Bojoviç Rusiya Premyer Liqasında həm keçirdiyi mövsüm (11), həm də işlədiyi klub (7) sayına görə əcnəbi məşqçilər arasında rekordçudur. Maraqlıdır ki, o, uğurlu olduğu iki klubdan – “Amkar” və “Arsenal”dan ayrılandan 3 il sonra yenidən bu komandalara qayıdıb və bu dəfə heç nə ilə yadda qalmayıb.

Bojoviçin Rusiyada yolu 2008-ci ildə “Amkar”da başlamışdı. Perm təmsilçisi vətənində “Buduçnost” komandasında 27 oyunluq qələbəsizlik seriyası ilə diqqət çəkən 39 yaşlı gənc məşqçiyə dəvət göndərmişdi. Monteneqro klubundan ayrılmasının səbəbi isə rəhbərliyin onun işinə qarışması olmuşdu. Sonradan 2018-ci ildə dağılan “Amkar” məhz Bojoviçin başçılığı altında 2008-ci ildə ən yaxşı nəticəsini  göstərmişdi. “Qırmızı-qaralar” çempionatda həmin vaxt UEFA Kubokunun son sahibi “Zenit”, həmçinin “Lokomotiv” və “Spartak”ı 4-cü yer uğrunda mübarizədə qabaqlayaraq Avropa Liqasına vəsiqə qazanmışdı.

Bojoviç isə mövsüm başa çatan kimi “Moskva”ya yollanmışdı. Bu da başadüşülən idi: yaxşı sponsoru olan paytaxt klubu monteneqroluya “Amkar”da aldığındna xeyli yüksək maaş təklif etmişdi. Komanda səviyyəli futbolçulardan təşkil olunsa da, mövsümü avrokubok zonasından kənarda bitirmişdi. İstəyinə çatmayan rəhbərliyin kluba marağı azalmışdı. Eyni zamanda “Moskva”da böyük maliyyə problemlərinin olduğu üzə çıxmışdı. Nəticədə “Moskva” peşəkar statusunu itirmiş, Bojoviç isə komandanın bir sıra liderləri kimi (Səmədov, Çesnauskis, Yepuryanu və Rebko) paytaxtın digər klubu – “Dinamo”ya keçmişdi. Ancaq onlardan fərqli, məşqçinin təyinatı mövsümün gedişində – 8-ci turda reallaşmışdı. “Dinamo” həmçinin “Zenit”dən Semşovu, “Liverpul”dan Voronini, “Şalke”dən isə Kuranyini transfer etsə də, mövsümü 7-ci tamamlamışdı. Buna Bojoviçin böyük klubda təzyiqin öhdəsindən gələ bilmədiyi və Voroninlə qətiyyən yola getmədiyi səbəb olmuşdu. Hətta baş məşqçinin köməkçiləri ondan iki forvardla oynamağı xahiş etsələr də, buna razılamamışdı.

Maraqlıdır ki, “Moskva”dan sonra “Dinamo” da eyni problemlərlə üzləşmişdi. Rəhbərlik çıxış yolunu futbolçuların maaşının azalmasında görmüşdü. Məsələn, Yakubko liderlər qədər məvacib alsa da, qol vurmurdu. Bojoviç buna qəti şəkildə etiraz etmişdi. Növbəti mövsümün əvvəllərində uğursuz nəticələrdən sonra isə istefa vermişdi.

Baş məşqçinin “Amkar”a geridönüşü uğursuz alınsa da, ardınca 2014-cü ilin yazında “Rostov”la Rusiya Kubokunun qalibi olmuşdu. Amma artıq həmin ilin yayında ardıcıl uğursuzluqlardan sonra postundan ayrılmışdı. “Lokomotiv”dəki karyerası daha qəribə alınmışdı. “Dəmiryolçular” çempionatda 7-ci yeri tutsalar da, ölkə kubokunun finalına yüksəlmişdi. Buna baxmayaraq, rəhbərlik finalı gözləyən Bojoviçə qapını göstərmişdi. “Lokomotiv” sonradan ona kubokun qızıl medalını göndərmişdi.

Bojoviç 2015-ci ilin iyulunda “Srvena Zvezda”nın baş məşqçisi olmuş, artıq avqustda isə istefa vermişdi. Rəhbərlik istefasını qəbul etməyəndən sonra işinə davam edən mütəxəssis 2016/17 mövsümündə kluba çempionluq qazandırmışdı.

677z381 miodrag bozovic107 - Futbolinfo.az

Bojoviç 2017-ci ilin yayında sevdiyi Rusiyaya qayıtdı. Monteneqrolu əvvəlki mövsümdə möcüzə sayəsində elitada yerini qorumuş “Arsenal”ın “sükanı arxasına” keçdi. “Zenit”də yer tapılmadığı üçün icarəyə verilən Dzyuba – Corceviç hücum dueti tulalılara az qala Avropa Liqasına vəsiqə qazandırdı. Ancaq “Arsenal” sonda “Ufa”dan cəmi 1 xal geri qaldı. Bojoviç isə ənənəsinə sadiq qalaraq klubdan ayrıldı.

Mütəxəssis sonrakı iki iş yerində fiasko ilə üzləşdi. Onun “Krılya Sovetov”, daha sonra isə yenidən “Arsenal”dakı statistikasına baxmaq kifayətdir. Samaralılar Bojoviçin rəhbərliyi altında hər oyunda orta hesabla 0,9, tulalılar isə 0,93 xal toplayırdı. Və ya başqa bir göstərici: monteneqrolunun “Krılya Sovetov”u matçların cəmi 25, “Arsenal”ı isə 18,5 faizində qələbə qazandı. Təbii ki, hər iki halda Bojoviç istefaya göndərildi.

Karyerası enişə gedən mütəxəssis indi “Neftçi”yə gəlib. Onun paytaxt klubuna müvəqqəti dayanacaq gözüylə baxmadığına ümid edirik.

FƏRİD

Shares: