Son günlərini yaşayan 2023-cü il “Qarabağ” üçün uğurlu alınıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu başa çatmaqda olan ildə həm meydanlarda, həm də ondan kənarda bir sıra nailiyyətlərə imza atıb.
“Qarabağ”ın ilə vurduğu 11 ən yaddaqalan “qol”u təqdim edirik:
Pley-offda ilk
Komanda ilə uğurla başlayıb. UEFA Konfrans Liqasının pley-offunda “Gent”i qəbul edən “Qarabağ” Belçika təmsilçisinə qalib gəlib. 1:0 hesablı qələbə Azərbaycan futbolu tarixinə ilklə düşüb. Komandanın qalibiyyəti avrokubokların bahar hissəsində ölkəmiz üçün qazanılan ilk xalları gətirib.
Çempionlar üz-üzə
Klub təkcə yaşıl meydanlardakı qələbələri deyil, sosial və xeyriyyə yöndə atdığı çoxsaylı addımlarına 2023-cü ildə də davam edib. Qardaş Türkiyədə baş verən zəlzələyə dərhal reaksiya verən klub zərərçəkənlərə yardım xarakterli xeyriyyə matçını təşkil edib. Bu matç hər iki ölkədə də böyük əks-səda doğurub. Azərbaycan çempionu olan komanda bu oyun üçün Türkiyə çempionu “Qalatasaray”ı Bakıya gətirib. Xeyriyyə xarakterli görüş iki nəhəng klub arasında gələcək əməkdaşlığın təməlini qoyub. Bakı Olimpiya Stadionunda baş tutan görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Bu məbləğ Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndərilib. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürülüb.
10-cu çempionluq
“Qarabağ” 2022/23 mövsümündə Azərbaycan çempionatının qızıl medalını qazanıb. Bu, komandanın ardıcıl ikinci, Qurban Qurbanovun rəhbərliyi altında son 10 ildə 9-cu çempionluğu olub. Ümumilikdə isə klub tarixində 10-cu dəfə Azərbaycanın ən güclüsü adını qazanıb. Bununla da “Qarabağ” yeni rekorda imza atıb. Ən çox çempionluq yaşayan komanda adına sahib çıxan klub loqosuna ikinci ulduz əlavə edərək daha bir ilkə imza atıb.
“Tərəqqi” medalı və İcraiyyə Komitəsində ilk azərbaycanlı
Klubun İdarə Heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə ilk müəllifi kimi tarixə düşüb. O, Avropa Klublar Birliyinin (European Club Association) Almaniyanın paytaxtı Berlində keçirilən Baş Assambleyasında yeni vəzifəyə seçilib. “Qarabağ” rəsmisi qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv olub. Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı ünvanına yiyələnib. Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncamı ilə Əsgərov “Tərəqqi” medalına layiq görülüb. O, Azərbaycanda idmanın inkişafında, klublararası beynəlxalq əlaqələrin yaradılması və inkişaf etdirilməsində göstərdiyi xidmətlərə, ölkəmizi Avropada uğurla təmsil etməsinə görə bu medalla təltif olunub.
U-14 çempion
2023-cü il təkcə əsas komanda üçün deyil, akademiya üçün də uğurlu alınıb. “Qarabağ” U-14 Liqasının çempionu olub. 14 yaşadək futbolçular 2022/23 mövsümündə ən güclü adını qazanıblar. Bu, akademiyanın U-14 Liqasında üçüncü uğuru olub. 2017/18 mövsümündə bürünc, 2021/22 mövsümündə gümüş əldə edən komanda bu dəfə qızıl mükafata sahib çıxıb.
10-cu dəfə qrupda
Komanda avrokuboklardakı uğurlu seriyasını da davam etdirib. 2023/24 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Bununla da klub ardıcıl 10-cu dəfə qitəmiqyaslı turnirlərin qrupunda oynamağı bacarıb. “Qarabağ” Avropada iki komandadan biridir ki, son 10 ildə təsnifat mərhələsindən başladığı avrokuboklarda qrupa qədər irəliləyib. Qurban Qurbanovun yetirmələri bu müddətdə bir dəfə UEFA Çempionlar Liqası, 8 dəfə UEFA Avropa Liqası və 1 dəfə Konfrans Liqasında əsas raundda mübarizə aparıb.
Dünya üçün Qurbanov nümunəsi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da nüfuzlu beynəlxalq mükafata yiyələnib. Təcrübəli mütəxəssis ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatı “Jean Borotra World Fair Play Career” ilə təltif olunub. Komandanın baş məşqçisi mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb. Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb. O, UEFA Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Olimpik” (Marsel) matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə dünyanın diqqətini cəlb edib. Baş məşqçi bunadək də dəfələrlə ədalətli oyun prinsiplərinə sadiq olduğunu nümayiş etdirib.
Azərbaycan kinematoqrafiyasında ilk
Komanda və baş məşqçi Qurban Qurbanovun əldə etdiyi saysız-hesabsız uğurlar və ilklər kinematoqrafların da diqqətindən yayınmayıb. Bunun nəticəsidir ki, təcrübəli mütəxəssisə həsr olunan “Stadionlar səssiz olanda” filmi lentə alınıb. Qısa müddətə ərsəyə gəlməsinə baxmayaraq, böyük əks-səda doğuran filmin premyerası da uğurlu alınıb. Baş məşqçinin həyatından, futbolçu və çalışdırıcı karyerasından bəhs edən bu lent əsəri Azərbaycan futbolu tarixinə ilk bədii film kimi düşüb.
Avropa Liqasında yeni tarix
Avrokuboklarda hər il yeni tarix yazan komanda 2023-cü ildə də daha bir ilki gerçəkləşdirib. Son iki ildə UEFA Konfrans Liqasının pley-offunda oynayan “Qarabağ” bu dəfə UEFA Avropa Liqasında eyni mərhələyə yüksəlib. Klub qrupda ikinci olmaqla bu hüquqa yiyələnib. UEFA Avropa Liqasının qrupuna ardıcıl iki qələbə ilə başlamaqla da ilkə imza atan komanda “Bayer”, “Molde” və “Hakken”in yer aldığı qrupda yalnız Almaniya Bundesliqasının liderindən geri qalıb. Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-offunda oynayacaq “Qarabağ”ın növbəti rəqibi püşkatmada bəlli olub. Klubun prezidenti Tahir Gözelin iştirak etdiyi İsveçrədəki mərasimdə komandanın rəqibi dəqiqləşib. “Qarabağ” 2024-cü ilin fevralında Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
“Qarabağ” Qarabağda
Ölkəmizdə ilin ən böyük idman hadisəsi Azərbaycan kuboku uğrunda oyunun Xankəndidə keçirilməsi olub. “Qarabağ” müstəqillik illərində bu arenada ev sahibi kimi çıxan ilk komanda kimi tarixə düşüb. Komanda işğaldan azad olunan Xankəndinin şəhər stadionunda MOİK-lə üz-üzə gəlib. Prezident İlham Əliyevin də izlədiyi qarşılaşma Müzəffər Ali Baş Komandanın topa ilk zərbəsi ilə start götürüb. 36 ildən sonra Azərbaycan futbolçusunun ayaq basdığı arenada yeganə qolu Nəriman Axundzadə vurub. 1/8 final səddini adlayan klub növbəti mərhələdə “Sabah”la qarşılaşacaq.
Bir gündə 5 mükafat
Ənənəvi olaraq hər ilin sonunda olduğu kimi bu dəfə də Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğu ilə 2023-ün ən yaxşıları müəyyənləşib. “Qarabağ” da son illərdəki uğurlu ənənəni davam etdirib. Klub bu dəfə də müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb. Prezident Tahir Gözəl İlin ən yaxşı kişi komandası, Qurban Qurbanov İlin ən yaxşı məşqçisi mükafatı ilə təltif olunub. Baş məşqçiyə həm də İlin Ədalətli oyun (Fair Play) mükafatı təqdim edilib. Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi də İlin ən yaxşı idman filmi nominasiyasında qalib gəlib. Klub isə İlin ən yaxşı idman klubu nominasiyasında 3-cü olub.