“Turan Tovuz” Misli Premyer Liqasının ilk iki dövrəsinin yekununa əsasən turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komandanın aktivində 22 xal var.

Çoxsaylı azarkeş kütləsinə malik olan “Turan Tovuz”un elitaya dönüşü və yeni sponsorun dəstəyi ilə heyətinin güclənməsi iddialarının artacağından xəbər verirdi. Əksəriyyət qərblilərin daha iddialı çıxış edəcəyinə inanırdı. Lakin geridə qalan ilk yarı göstərdi ki, komanda hələ potensialını tam açmayıb.

Tovuzluların kapitanı Kamal Bayramovun bu barədə fikirləri maraqlıdır: “İl yarım çox az bir müddətdir. Böyük bir komanda olmaq, daha da yaxşı addımlamaq, daha yaxşı hədəflərə getmək üçün bir az zamana ehtiyacımız var. Keçən ilə nisbətən bu il oyunlarımızda və digər işlərimizdə müsbət yöndə dəyişikliklər var. İlk iki dövrəni bir az çətin keçirtdik, daha yaxşı ola bilərdik. Oyun baxımından daha da yaxşı inkişaf edə, bəlkə də bu gün olduğumuz yerdən daha yuxarıda ola bilərdik. Bu, futboldur, biz bunların hamısını nəzərə almışıq. Bilirik ki, zamana ehtiyacımız var”.

Tovuz klubu bir neçə dəfə hakim səhvlərindən şikayətlənib. Elə bir neçə gün öncə komandanın azarkeşləri də bəyanatla çıxış etmişdi: “Futbol səhvlərdən ibarət olan bir idman növüdür. Hakimlər də səhv edə bilər. Çempionata nəzər salsaq görərik ki, hardasa 7-8 xalımız itirilib. Bütün dünyada belə hallar olur, biz də bunu normal qarşılayırıq. Onlar da səhv etməmək üçün maksimum çalışırlar. Amma bu səhvlərin bizə komanda olaraq təsiri oldu. Düşünün ki, həmin o 6-7 xal bizi turnir cədvəlində daha yüksəyə qaldırardı və bu da bizim üçün əlavə motivasiya olardı. Qərəz olmasını istəməzdim. Səhvlərdir, səhvlər hər bir kəsdə ola bilər”.

“Turan Tovuz” çempionatın ikinci hissəsinə Türkiyədə hazırlaşacaq. Komanda yanvarın 3-də qardaş ölkəyə yollanacaq və Antalyada keçirəcəyi toplanışa ayın 16-da yekun vurulacaq.  Tovuzluların 2024-də çempionatda ilk rəqibi isə “Kəpəz” olacaq.

FƏRİD

Shares: