Qrip mövsümüdür, rastlaşdığımız hər 2-3 nəfərdən biri bizi öskürək müsiqisi ilə “feyziyab edir”. Özümüz də qış soyuğunun gətirdiyi fəsaddan yan qaça bilməmişik. Koronovirus pandemiyasından sonra immun sistemimiz elə məhv olub ki, Bakı küləyi başını qaldıran kimi aptekə tələsirik.

Sən demə, illərdir Azərbaycan futboluna ayrılan milyonları qamarlayıb “sağlamlığını peyvənd etdirənlər” də xəstələnirmiş. Milyonları onları mövsümi xəstəliklərdən qorusa da, vəzifələri üçün xarakterik olan xəstəliklər yaşlarının, karyeralarının bəlli dönəmində onları da yaxalayır. Rövnəq Abdullayevin dünən qəfil xəstələnməsi də buna nümunədir.

AFFA prezidenti nə qripdir, nə də başqa “kasıb xəstəliyi”nə düçar olub. Bu, həkim diaqnozu deyil, təcrübələrimizə əsasən buna əminik. Xəstəliyin aşkar olunmasının zamanı, açıqlanma şəraiti, ictimailəşdiyi məqam – bütün bunlar məmur xəstəliyinin fəsadlarıdır. Elə bu xəstəliklə də təqaüdə çıxacaq, salamat qurtulduğu üçün ömrünün qalan hissəsini duaya sərf edəcək.

Bu gün Gəncədə “Kəpəz” akademiyasının və yeni tədris mərkəzinin açılışı, eləcə də İcraiyyə Komitəsinn iclası reallaşmalı idi. Rövnəq bəyin 3 gündən sonra 16-cı ili tamam olacaq prezidentliyi dövründə Bakıdan kənarda belə təmtəraqlı tədbir keçirilməsi planlanmamışdı. Daim paytaxtda hansısa açılışlar olardı, bölgələrə isə Abdullayevin ümumiyyətlə, ayağı dəyməzdi. Görünür, növbəti seçkilər ərəfəsində buna ehtiyac duyub ilk dəfə belə cəhd edirdi, lakin…

Gəncə səfərinin təxirə salınması açılış tədbirlərinə bir gün qalarkən, bu haqda xəbər qurumun rəsmi səhifəsində yerləşdirildikdən cəmi bir saat sonra dəqiqləşdi. Təbii ki, Rövnəq bəyin səhhətində problem olsaydı, heç rəsmi xəbər yayılmazdı, hər halda AFFA prezidentinin əhvalı bir saat ərzində dəyişməyib.

Ehtimallarla danışacağıq, amma reallıq faizi 99-dan az deyil. Görünür, Abdullayevin İcraiyyə Komitəsinin üzvləri ilə birlikdə Gəncəyə yollanmasının mart seçkiləri öncəsi öz təbliğatına yönəldiyini fərq ediblər. Bunun 7 fevral – Prezident seçkiləri ərəfəsində reallaşması bir ayıb, adı növbəti seçkilərdə AFFA prezidentliyinə namizədlər siyahısında olmayacaq birinin belə canfəşanlığı növbəti ayıb. Yəqin ki, Abdullayevə məhz bu səbəbdən lazımi zəng gəlib və “xəstələnməsinin” lazım olduğu çatdırılıb. Hətta bu “xəstəlik” Növbəti Hesabat-Seçki Konfransına kimi sağalmasa, təəccüblənmərik.

Bura qədəri aydındır: Rövnəq bəy artıq AFFA prezidentliyinə növbəti seçkilərdə namizəd olmayacağını gözəl bilir, dünən bunu ona əyani şəkildə anlatdılar. Lakin Abdullayevin daxil olduğu dəstə bu qədər asan təslim olan, futbolda hakimiyyəti başqasına könül rahatlığı ilə verən deyil. Əlləri kifayət qədər uzundur və B, C, D planlarını işə salacaqlar.

İcraiyyə Komitəsinin bu günə təyin olunan iclasının təxirə salınması həm də o deməkdir ki, Növbəti Hesabat-Seçki Konfransı martın 11-dən tez baş tutmayacaq. Qaydaya görə, Konfransın vaxtı ən azı iki ay öncədən təyin olunmalı və buna yalnız İK qərar verməlidir. İndi komitə ən yaxın vaxtlarda toplaşıb, gün təyin etməlidir, bir səsə malik “xəstə Abdullayev”in yoxluğu heç nəyi dəyişmir. Əks halda, proses yubansa, deməli, Rövnəq bəyin daxil olduğu dəstə B planını işə salıb və seçki konfransını mümkün qədər ertələmək istəyir.

Martda Novruz bayramını olacağını nəzərə alsaq, seçkini ayın sonunadək uzatmağa çalışacaqlar. Bu isə martın sonunda FIFA ilə müqaviləsi bitən Elxan Məmmədovun Abdullayevin yerinə namizəd kimi göstərilməsinə səbəb ola bilər. Və ya Rövnəq bəyin sıradan çıxması onun əsas müavini olan Elşad Nəsirovun ön plana çıxmasına, prezidentliyə iddia etməsinə və yenidən Məmmədovu əsas zərbə qüvvəsinə çevirməsinə şərait yaradacaq.

Bu dəstənin C, D, hətta bir “Əlifba” qədər variantlar hazırlaması mümkündür, idarəçiliklərini illərdir belə planlar qurmağa həsr ediblər, əla kabinet oyunçularıdır. Yəqin ki, yaxın günlərdə niyyətləri yavaş-yavaş üzə çıxacaq. Ancaq o dəqiqdir ki, dünən aldığı zəngdən sonra “xəstələnən” Abdullayev bu oyunda baş rolda olmayacaq. Öskürək söhbətidir…

Dəstədə “xəstə” “tapılsa da”, “xəstə”nin dəstəsi boş dayanmayacaq. Bu insanlarda illərdir tənqidə immunitet yaranıb və onların başqa bir xəstəliyi də var – əllərində olanı buraxmaq istəmirlər, quşun canı şüşədə olduğu kimi onlarında varlığı kreslodan asılıdır. İndi onu itirməmək üçün hər şey edəcəklər.

VÜSAL MAHMUDOV

P.S.: AFFA-da hakimiyyəti almaq istəyənlər İcraiyyə Komitəsinin təcili toplanıb Konfransın gününü təyin etməsinə nail olmalıdır.

P.P.S.: Artıq kölgədən çıxmaq, iddianı ortaya qoymağın da zamanıdır, əks halda, indiki AFFA rəhbərliyi əvəzedilməz olduqlarını göstərmək üçün hər şeyə əl atacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp