“Sabah”ın futbolçusu Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi
– Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda “Rapid” üzərində 2:1 hesablı qələbə qazandınız. Matçla və toplanışla bağlı fikirləriniz necədir?
– Artıq bir həftədir ki, Antalyada təlim-məşq toplanışındayıq. Məşqlərimiz öz axarında davam edir. Hamı mövsümün ikinci yarısına tam hazır olmaq üçün var qüvvəsi ilə çalışır. Toplanış çərçivəsində ilk oyunumuzu da keçirdik. Rəqib Rumıniyanın iddialı komandalarından olan “Rapid” idi. Yaxşı oynadıq və meydandan qələbə ilə ayrıldıq. Amma bu cür matçlarda əsas olan çatışmazlıqlarımızı görməkdir ki, fikrimcə, görüş bu baxımdan da faydalı oldu.
– Çempionatda qış fasiləsinə 8-ci pillədə yollandınız. Mövsümün ilk yarısını yuxarı pillələrdə bitirməyinizə nə mane oldu?
– Çempionatın ilk yarısı arzuladığımız kimi keçmədi. Əslində, mövsümə yaxşı başladıq, avrokubokda mərhələ adladıq. Lakin sonradan istədiyimiz nəticələri qazana bilmədik. Hələ mövsümün ilk yarısı geridə qalıb. İrəlidə bizi bir çox oyun gözləyir. Ümid edir və inanıram ki, vəziyyəti xeyrimizə dəyişə biləcəyik.
– Bəs öz performansınız haqqında nə deyə bilərsiniz? Tellur Mütəllimov fasiləyəqədərki oyunundan razıdırmı?
– Düzü, bu barədə kənardan fikir bildirilsə, daha yaxşı olar. Sadəcə, onu deyə bilərəm ki, şans qazandığım oyunlarda komandamın uğur qazanması üçün əlimdən gələni etmişəm. Nə qədər alındığını kənardan daha yaxşı görmək olar. Mənim özümə gəldikdə, daha yaxşı olmaq üçün daim üzərimdə çalışıram.
– Çempionatın ilk yarısında ən çox hansı görüşdə məyus oldunuz?
– Bir çox oyun oldu ki, qələbə qazanmalı olduğumuz halda ya heç-heçə etdik, ya da məğlub olduq. Hansısa görüşü xüsusi fərqləndirmək istəmirəm. Qalib gəlmədiyimiz, uduzduğumuz istənilən matç üzücüdür.
– Fasilədən sonra ilk rəqibiniz “Neftçi” olacaq. Qələbə qazanaraq çempionatın ikinci yarısına uğurlu start verə biləcəksiniz?
– Əlbəttə. Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. “Neftçi” ilə görüşdə də məqsədimiz eyni olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Ümid edirəm ki, azarkeşlərimizi qələbə ilə sevindirə biləcəyik.
– Mövsümün ikinci yarısında hədəfiniz nə olacaq? Hansı yerlər uğrunda mübarizə aparacaq gücdə olduğunuzu düşünürsünüz?
– Hədəfimiz öz oyunumuzu təkmilləşdirməkdir. İstədiyimiz oyunu sərgiləsək, istədiyimiz səviyyəyə çatsaq, nəticə özü-özünə gələcək.
– Aparıcı futbolçularınızdan sayılan Aleksey İsayevin gedişi komandaya necə təsir edəcək?
– Aleksey komandamıza çox kömək etdi. Əsas üzvlərimizdən biri idi. Lakin bu, futboldur, bu gün buradasansa, sabah başqa yerdə ola bilərsən. Alekseyə yeni klubunda uğurlu olmağı arzulayıram. O ki qaldı bizim oyunumuza, fikrimcə, komandamızda kifayət qədər bacarıqlı futbolçu var. Buna görə də hər hansı problem yaşayacağımızı düşünmürəm.
FƏRİD