2022-ci il dünya çempionatını qəbul etdikdən sonra Qətər daha bir böyük turnirə ev sahibliyi edəcək. Bu dəfə Yaxın Şərq ölkəsinə Asiya qitəsinin ən güclü komandaları təşrif buyurur.
Yanvarın 12-də başlayacaq Asiya kubokunun formatı Avropadakı kimidir. Turnirdə 24 komanda iştirak edir. Bu isə ümumilikdə konfederasiyaya daxil olan ölkələrin yarısından çoxu deməkdir. Ümumilikdə hər birində 4 komanda olan 6 qrup olacaq. İlk iki yeri tutan pley-ofa yüksələcək. 3-cü yerlər arasında ən yaxşı nəticə göstərən 4 komanda da onlara qoşulacaq.
Belə formatda Asiya kuboku 2-ci dəfədir ki, keçiriləcək. 2019-cu ilə qədər turnir hərəsində 4 komanda olan 4 qrupda oynanılırdı. Yeni formatın sayəsində son turnirdə Vyetnam, Qrğızıstan və Tailand pley-ofa yüksəlmişdi. Vyetnam ilkin mərhələni adlayaraq hətta ¼ finala da çıxaraq sensasiyaya imza atmışdı.
Kubokda kifayət qədər güclü oyunçular var. Onlara bir-bir nəzər yetirək:
Avstraliya komandasının baş məşqçisi Qrem Arnolddur. Heyət xeyli gəncləşib. Keçən turnirdən indiyə Metyu Rayan, Aziz Bexiç və Cekson İrvayn qalıb.
İran milli komandasında diqqət çəkən futbolçular Mehdi Taremi, Əlirza Cahanbaxış, Kərim Ənsərifərd və Sərdar Azmundur.
Ən güclü heyətlərdən biri Yaponiyadadır. “Liverpul”un gənc oyunçusu Vataru Endo, “Arsenal”dan Takexiro Tomiyasu, “Brayton”dan Kaora Mitoma, “Monako”dan Minamino heyətdədirlər.
Cənubi Koreya millisinin baş məşqçisi Yürgen Klinsmandır. Əsas ulduz “Tottenhem”dən Son Xın Mindir. Ondan başqa heyətdə “Bayern”də oynayan Kim Min Je və digərləri var.
Özbəkistan millisini Sreçko Katanes çalışdırır. Suriya yığmasının baş məşqçisi isə 68 yaşlı Hektor Kuperdir. BƏƏ-də bu funksiyanı Paolo Bentu, Səudiyyə Ərəbistanında isə Roberto Mançini yerinə yetirir. Çin , Hindistan, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı yığmalarının heyətində bir nəfər də olsun legioner yoxdur.
Bu turnirdə də ən güclü və zəifin kim olduğunu ən yaxşı bukmekerlər bilir. Onların əmsallarına diqqət yetirsək, Honkonq və İndoneziya autsayder kimi görünür. İştirakçılar arasında ən aşağı reytinq İndoneziyaya məxsusdur.
Bukmekerlərin fikrincə, əsas favorit Yaponiya millisidir. Ondan sonra 4 komandanın şansı eyni dəyərləndirilir. Bunlar İran, Avstraliya, Cənubi Koreya və turnirin son qalibi Qətər seçməsidir.
ABBAS