“Səbail” klubunun müdafiəçisi Adi Mehremiçin futbolinfo.az saytına müsahibəsi
– Çempionatın ilk yarısını “Səbail” üçün necə dəyərləndirirsiniz? Qış fasiləsinə 5-ci pillədə yollanmaq sizi razı salır?
– Mövsümə istədiyimiz kimi başlamasaq da, sonradan toparlanmağı bacardıq. Çox yaxşı komandamız var, zamanla işlərimiz qaydasına düşdü. Təəssüf ki, zədəli futbolçularımızın çoxluğu səbəbindən son oyunlarda istədiyimiz nəticələri qazana bilmədik. Düşünürəm ki, fasilədən sonra daha yaxşı çıxış edərək uğurlu nəticələrə sevinəcəyik. Ümumi götürsək, ilk yarıdakı çıxışımızdan razı qalmaq olar. Amma daha yaxşı ola bilərdik. Əslində, bu mərhələyə qədər nəticənin böyük önəmi yoxdur. Əsas fasilədən sonrakı dönəmdir ki, hazırda da bunun üçün təlim-məşq toplanışındayıq, var qüvvəmizlə çalışırıq.
– Çempionatın ilk yarısında sizin üçün ən müsbət və mənfi mənada yadda qalan oyunlar hansılar olub?
– Unudulmaz matçlarımız oldu, yaxşı qələbələr qazandıq. Xüsusilə liderlə görüşdə və çətin səfər oyunlarımızda qazandığımız qələbələri misal çəkə bilərəm. Həmçinin “Turan Tovuz”la görüşün gedişində uduzduğumuz halda, qazanılan qələbəmiz, “Sabah”la son dəqiqələrdə vurduğumuz qolla gələn bərabərlik, “Zirə” ilə səfərdəki oyunumuz gözümün önünə gəlir.
– Öz performansınız haqda hansı fikirdəsiniz?
– Hər matçda var qüvvəmlə oynayıram, komandama kömək etmək üçün bacardığım və bacarmadığım hər şeyi etməyə çalışıram. Əsas məqsədim daha yaxşı olmaqdır. İlk yarıda özümü yaxşı tərəfdən göstərdiyimi düşünürəm.
– Azərbaycana tam uyğunlaşa bilmisiniz?
– Əlbəttə, tam uyğunlaşmışam. Gözəl kollektivimiz var, ailə ortamı olduğu üçün çətinlik çəkmirəm.
– Çempionatımızın səviyyəsi sizi qane edir?
– Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəkdir. Liqada olduqca yaxşı komandalar mübarizə aparırlar.
– Baş məşqçi Şahin Diniyevin ən çox güvəndiyi futbolçulardan birisiniz. Onu əvvəlki məşqçilərinizdən hansı xüsusiyyəti fərqləndirir?
– Əla baş məşqçimiz var. O, bizə güvəndiyi kimi, biz də ona güvənirik. Məşqçimizlə ilk görüşdə şəxsiyyətini və mehribanlığını hiss etdim, növbəti görüşlərdə isə yaxşı atmosferə malik komanda yaratmaq fikrinə sahib olduğunu gördüm. Hər zaman futbolçularını dəstəkləməyi isə çox yaxşı xüsusiyyətdir.
– Qış fasiləsindən sonra ilk oyununuzu “Zirə”yə qarşı keçirəcəksiniz. Bu komandaya ilk 2 dövrədə qalib gələ bilməmisiniz. Budəfəki matçda şansları necə qiymətləndirirsiniz?
– Hazırda Antalyada çempionatın ikinci mərhələsinə hazırlaşırıq. Bütün fikrimizi məşqlərimizə yönəltmişik. Fasilədən sonra nəinki “Zirə” ilə oyun, bütün qarşılaşmalar çətin və ağır keçəcək. “Zirə” ilə ilk dövrədəki qarşılaşmada əslində məğlubiyyətə layiq deyildik.
İLQAR AĞAYEV