Almaniya millisinin hücumçusu Timo Vernerin “Leypsiq”dən “Tottenhem”ə transferi İngiltərədə böyük səs-küyə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, “Sun” nəşri Vernerin vaxtilə “Çelsi”də oynadığını əsas tutaraq, “zadəganlar”da oynamış və hazırda karyerasını İngiltərədə davam etdirən futbolçulardan ibarət simvolik komanda hazırlayıb.

Maraqlıdır ki, rəmzi “11-lik”də Azərbaycan futboluna tanış sima da var. Belə ki, hazırda İngiltərədə çıxış edən “Çelsi” tarixinin ən dəyərlilərindən ibarət komandanın qapıçısı Asmir Beqoviç göstərilib. Bosniya və herseqovinalı qolkiper 2015-ci ildə 11 milyon funt-sterlinqə “Stok Siti”dən keçib.

O, 2015-2017-ci illərdə London təmsilçisinin heyətində 33 oyuna çıxıb. Hazırda “Kuinz Park Reyncers”in formasını geyinən 36 yaşlı qolkiperin yer aldığı rəmzi komandanın ümumi dəyəri 336 milyon funt-sterlinq təşkil edib.

Qeyd edək ki, Asmir Beqoviç 2019-2020 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib.

Shares: