Basketbol üzrə Avroliqa turnirinin 21-ci turuna start verilib. Ən maraqlı qarşılaşmalar İstanbul və Madriddə baş tutub.

“Real” son 3 oyunda 2-ci dəfə overtaymda qələbə qazanıb. Bu dəfə madridlilər “Valensiya” komandasından üstün olublar – 96:86.

İstanbuldakı oyunun da əsas vaxtı heç-heçə başa çatıb. Sona 10 saniyə qalmış “Fənərbağça” 3 xal öndə olsa da, “Bayern”in fransız müdafiəçisi Silven Fransisko 3 cərimə atışını da dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 81:81. Overtaymda isə istanbullular rəqibə şans verməyiblər. 98:91 hesablı qələbədən sonra “Fənərbağça” turnir cədvəlində mövqeyini xeyli möhkəmləndirib. Türkiyə komandasının basketbolçusu Skotti Vilbekin görüşü 30 xalla tamamlayıb.

Ergin Atamanın rəhbərlik etdiyi “Panatinaikos” evdə “Monako”ya qalib gəlib – 88:63. Yunanlar görüşün taleyini , demək olar ki, 1-ci periodda həll ediblər.

Milanda isə sensasiya baş verib. Yerli komanda “Srvena Zvezda”ya məğlub olmaqla pley-in zonasını tərk edib – 62:76.

21-ci turun qalan 5 görüşü bu gün keçiriləcək.

Shares: