Azərbaycan milli komandasının sabiq futbolçusu Deni Qaysumovun futbolinfo.az saytına müsahibəsi
– Hazırda hansı işlə məşğulsunuz? Futbol sahəsində çalışırsınız?
– Çeçenistanda, Qroznı şəhərində yaşayıram. Anamın sağlamlığı ilə bağlı problemi olduğu üçün onu tək buraxmıram. Ailəm isə Moskvadadır. Arada onların yanına gedib-gəlirəm. Daha çox Qroznıda oluram. İndiki məqamda heç bir yerdə işləmirəm. Çeçenistanda hansısa klubda işə düzəlmək çox çətindir.
– Azərbaycan futbolunu izləyirsiniz? Futbolumuzun hazırkı səviyyəsi haqda hansı fikirdəsiniz?
– Əlbəttə, izləyirəm. Ölkə çempionatında nəticələrlə daim maraqlanıram. Milli komandanın bütün oyunlarına baxıram. Futbol səviyyəsindən danışırıqsa, bunu “Qarabağ” qaldırır. Bu komanda hər il uğurlu çıxış edir, getdikcə daha da güclənir.
– Sizin də qeyd etdiyiniz kimi, “Qarabağ” artıq neçə ildir ki, Azərbaycanı avrokuboklarda uğurla təmsil edir…
– Bəli, elədir. “Qarabağ” haqqında ancaq pozitiv danışmaq olar. Azərbaycanda bu cür komandanın olması, uğuru çıxışı məni çox sevindirir. “Qarabağ”ın oyunundan zövq alıram. Bu komanda avrokuboklardakı nəticələri ilə ölkə futbolunun reytinqinə əlavə xallar yazdırır və futbolun səviyyəsini qaldırır.
– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla vaxtilə milli komandada bir yerdə oynamısınız. Həmin vaxt ağlınıza gələrdi ki, o, gələcəkdə yaxşı məşqçi olacaq?
– Qurbanla bir yerdə oynamışıq və azarkeşlərimizi sevindirməyə çalışmışıq. Prinsipcə, həmin vaxt bu barədə düşünə bilməzdik. Çünki kimin gələcəkdə məşqçi və ya menecer işləyəcəyini təxmin etmək qeyri-mümkün idi. Qurbandan danışarkən həmişə onun xasiyyətini, əzmkarlığını xatırlayıram. O, futbolçu kimi də sona qədər mübarizə aparırdı və meydanda hər şeyini verir, bütün gücünü qoyurdu. Hamımız sevinməliyik ki, belə güclü klub məşqçimiz var. Özü də Qurban hələ karyerasının başlanğıcındadır, daha böyük uğurları irəlidədir.
– Hazırkı “Neftçi” haqda da fikirlərinizi bilmək maraqlı olardı. Əksəriyyət yaydakı dəyişikliklərdən sonra “ağ-qaralar”ın cari mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi aparacağını təxmin edirdi. Ancaq bu cür proqnozlar özünü doğrultmadı. Sizcə, Adrian Mutunun göndərilməsi və yerinə Miodraq Bojoviçin gətirilməsindən sonra “Neftçi”də oyununda inkişaf hiss edəcəyik?
– Açığı, mən də “Neftçi”nin bu mövsüm “Qarabağ”la rəqabət aparacağını gözləyirdim. Futbol ekspertlərinin və mətbuatın da rəyləri ümidverici idi. Ancaq təxminlər düz çıxmadı. Düşünürəm ki, Bojoviçin gəlişi ilə komanda gücünü artıracaq, oyununu yaxşılaşdıracaq. Çünki o, təcrübəli məşqçidir. Bojoviçdə qalib mentaliteti var.
– Azərbaycan yığması haqda hansı fikirdəsiniz?
– Keçmiş milli üzvü olaraq, hazırkı yığmamıza qələbələr və uğurlar arzulayıram. Başqa bir şey demək istəmirəm.
– Canni de Byazinin gedişindən sonra hələ də millimizə yeni baş məşqçi gətirilməyib. Əksəriyyət yeni çalışdırıcının yerli mütəxəssis olmasını istədiyi halda, görünən odur ki, AFFA yenə bu posta əcnəbi gətirəcək. Sizin fikrinizcə, yığmanı kim çalışdırmalıdır?
– Veteran futbolçularımız və media nümayəndələri kimi, mən də milli komandamıza azərbaycanlı məşqçinin rəhbərlik etməsinin tərəfdarıyam. Yığmada heç olmasa bir nəfər yerli mütəxəssis hazırlamalıyıq. Ona vaxt verməli, təcrübə toplaması üçün şərait yaratmalıyıq. İnanın, bunu etsək, millinin nəticələri ən azı əvvəlkilərdən pis olmayacaq.
FƏRİD