Martda FİFA-nın yeni layihəsi çərçivəsində Bakıda keçiriləcək beynəlxalq turnirin iştirakçılarından biri də Tanzaniya millisi olacaq.

Futbolinfo.az xəbər verir ki, Afrika təmsilçisi yeni rəqib olsa da, komanda ilə tanış sima paytaxtımıza təşrif buyuracaq.

Belə ki, Tanzaniya yığmasının baş məşqçisi Adel Amruş vaxtilə Azərbaycanda fəaliyyət göstərib. Əlcəzairli mütəxəssis 2005-ci ildə ölkəmizdə “Gənclərbirliyi”ni çalışdırıb. 55 yaşlı məşqçi ötən ilin martından Tanzaniyanın “sükanı arxasındadır”.

Adıçəkilən yığmanın kapitanı Mbvana Samatta isə 2020-2023-cü illərdə Türkiyə klubu “Fənərbağça”da çıxış edib. 31 yaşlı hücumçunun milli tarixinin ən sərrast futbolçusu olması üçün 3 qol çatmır. Hazırda Samattanın aktivində 22 top var.

Tanzaniya millisi yenicə start götürən Afrika Millətlər Kubokunda iştirak edir. F qrupunda yer alan Adel Amruşun yetirmələri yanvarın 17-də Mərakeş, 21-də Zambiya, 24-də isə Konqo DR ilə qarşılaşacaq.

Qeyd edək ki, Bakıda təşkil ediləcək beynəlxalq mini-turnirdə Azərbaycan, Tanzaniya, Bolqarıstan və Monqolustan yığmaları mübarizə aparacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp