“Mayami Hits” komandası bu il Dueyn Veydin heykəlini açacaq. Bürüncdən hazırlanan heykəl doğma arenanın qarşısında ucaldılacaq. Bu barədə klub dünən axşam məlumat verib.
“Hits” abidənin yaradılması üçün heykəltəraşlar Omri Amrani və Oskar Leona sifariş verib. Amrani bundan əvvəl Maykl Cordan, Şakil O’Nil, Dirk Novitski və Kərim Abdul-Cabbarın heykəlləri üzərində işləyib. Təqdimat bu ilin payızına planlaşdırılıb.
2018-19 mövsümündən sonra karyerasını bitirən Veyd Mayami komandasının bir neçə rekorduna (xallar, asistlər, top almalar, oynadığı oyunlar və oynadığı dəqiqələr daxil olmaqla) sahibdir. Dueyn 15 mövsümünü Florida klubuna həsr edib, onunla üç çempionluq yaşayıb. 2006-cı ildə final seriyasının ən dəyərli oyunçusu seçilib.