“Kəpəz”in yeni transferi Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”ə keçidiniz necə alındı? “Səbail”də az oynadığınız üçün özünüz rəhbərlikdən icarəyə verilməyinizi istədiniz?
– Klubdan mənə dedilər ki, “Kəpəz” səni heyətinə qatmaq istəyir, qərarı özün ver. Gəncə klubunda daha çox oynaya biləcəyimi düşündüm. Həm də “Kəpəz”in baş məşqçisi Adil Şükürovla görüşüb danışdım. Gördüm ki, komandasında olmağımı çox istəyir. Buna görə də “Kəpəz”də oynamağa qərar verdim.
– Mövsümün ikinci yarısına hazırlıq prosesi necə gedir? Təlim-məşq toplanışını ölkə xaricində keçirməməyiniz sizə nə kimi problem yarada bilər?
– Hazırlıq yaxşı gedir. Çempionatın ikinci hissəsinə Gəncədə hazırlaşırıq. Ölkə xaricində toplanış keçməmək məsələsinə gəlincə, bunun bizə elə bir problem yaradacağını düşünmürəm. Çünki fasilə uzunmüddətli deyil.
– “Kəpəz”də əsas heyət üzvü olacağınıza inanırsınız? Rəqabətdən qalib ayrıla biləcəksiniz?
– Bəli, inanıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, əsas heyətdə yer alım. Necə olacağını zaman göstərəcək.
– Necə düşünürsünüz, qış fasiləsinə 9-cu pillədə yollanan “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?
– Bilirəm, turnir cədvəlindəki vəziyyətimiz ürəkaçan deyil. Buna baxmayaraq, çox yaxşı kollektivimiz var. “Kəpəz” yaxşı komandadır. Ayrı-ayrılıqda götürsək, heyətdə güclü futbolçular var. “Kəpəz” 9-cu pillədə olmağa layiq deyil. İnanıram ki, turnir cədvəlində yuxarı pillələrə qalxacağıq.
– Gəncə şəhər stadionunda əsaslı təmir işləri aparıldığı üçün “Kəpəz” ev oyunlarını doğma şəhərdə keçirə bilmir. Bu məqam sizə mənfi təsir etməyəcək?
– Gəncədə oynayasaydıq, daha yaxşı olardı. Çünki futbolda azarkeş üstünlüyü vacibdir. Gəncə kimi şəhərdə isə azarkeş amili komanda üçün ikiqat üstünlükdür. Komandanın çox yaxşı, sadiq fanatları var.
– Çempionatın ilk yarısında çox oynamaq imkanı əldə etmədiniz. “Kəpəz”də əsl formanızı bərpa etmək üçün sizə nə qədər vaxt lazımdır?
– Futbolçu üçün əsas oyundur. Nə qədər məşq etsən də, meydana çıxmalısan. Futbolçunun özünəinamı, rahatlığı oynadıqca yaranır. Çalışıram ki, tez bir zamanda komandaya uyğunlaşım. 2-3 matça yaxşı formaya düşəcəyimə inanıram.
– Hədəfiniz çempionatın ikinci yarısında yaxşı formaya düşərək “Səbail”ə geri qayıtmaqdır, yoxsa yayda başqa variantlar haqda fikirləşəcəksiniz?
– Əsas hədəfim “Kəpəz”ə kömək etməkdir. Komanda üçün əlimdən gələni etmək istəyirəm ki, mənə inanan insanların ümidini puç etməyim. Hələ ki, bundan başqa heç nə düşünmürəm.
ABBAS