Milli komanda, yoxsa klublar? Əslində, bu sualın cavabı Azərbaycan futbolunun istiqaməti deməkdir. Sadəcə olaraq , sualı bu cür qoyub istiqaməti müəyyənləşdirmək lazımdır. Əks halda, Azərbaycan futbolunun bugünkü halı dəyişməz olaraq qalacaq.

İstənilən bir məqsədə çatmaq üçün hədəfi düzgün müəyyənləşdirmək lazımdır. Hədəf ümumiyyətlə olmadıqda isə, heç bir nəticə hasil etmək mümkün olmayacaq. Bizim futbolumuzun vəziyyəti eynilə bu cürdür. Ona görə də ortalıqda var-gəl etməklə məşğuluq. İllərdir, hara və niyə getdiyimiz müəyyənləşməyib. Bəlkə də müəyyənləşib. Ancaq bu hədəf AZƏRBAYCAN futbolunu ağ günə çıxarmaq üçün olmayıb.

Futbolumuzun hansı vəziyyətdə olması onun xaricdə necə tanınmasından asılıdır. Məlumdur ki, ölkəmiz UEFA-nın üzvüdür. UEFA-nın üzvlüyündə olan Avropa ölkələrinin bir sıravi futbol azarkeşi üçün Azərbaycan futbolu nə ilə assosasiya edilir? Bu suala cavab tapdıqda futbolumuzun vəziyyətini də bilmək mümkün olur.

Misal üçün, Gürcüstan futbolu dedikdə, göz önünə əvvəlcə nə gəlir? Birinci növbədə, nə bu ölkənin milli komandası, nə də futbol klubları. İlk olaraq ağla gələn “Napoli” komandasının çempionluğunda böyük rol oynayan Xviça Kvaratsxeliyadır. Başqa ölkələrə keçək: Moldova futbolu dedikdə , ağla ilk gələn Tiraspolun “Şerif” komandası olur. Albaniya dedikdə , bu ölkəni Ansi Aqolli və De Byazinin rəhbərliyi altında uğur qazanan milli komanda ilə təsəvvür edirik. Norveç dedikdə ağla Erlinq Haland, Finlandiya dedikdə isə Yari Litmanen gəlir. Böyük ölkələri bura aid etmək olmaz. İngiltərə, İspaniya, Fransa və digər futbol ölkələrində həm güclü oyunçu , həm də milli komanda və klublar var.

Maraqlıdır, bizim futbolumuz haqda sıravi Avropa futbol azarkeşinə sual verdikdə, onun cavabı necə olacaq? Böyük ehtimalla əksəriyyət ya cavablandırmağa bir şey tapmayacaq, ya da “Qarabağ” klubunun adını çəkəcək. Məhz elə bu cavabla biz futbolumuzun istiqamətini müəyyənləşdirə bilərik.

Bu gün təəssüf ki, Azərbaycan futbolu orta səviyyədə tanına biləcək futbolçu yetişdirmək gücündə deyil. Bunun səbəblərini araşdırmağa başlasaq, uşaq futbolundan milli-mənəvi dəyərlərə qədər gedib çıxmalıyıq. Fakt odur ki, 100 illik Azərbaycan futbolu bir görüşdə meydana çıxacaq sayda normal oyunçu yetişdirə bilməyib. Bu gün bizim orta Avropa səviyyəli futbolçu tələb etməyimiz, məhz elə bu baxımdan düzgün deyil. Bizim futbolumuzun əsas istiqaməti və ana xətti klublar və milli çempionatımız olmalıdır. Sadəcə, bu istiqaməti götürüb düzgün siyasət yeridilməli və yolun hamar olmasına şərait yaradılmalıdır.

Müqayisə etməyimiz düzgün çıxmasa da, bir məqamı xatırlatmaq istərdik. Uzun illər idi ki, İngiltərədən normal futbolçu çıxmırdı. Son 50 ildə bu ölkədən çıxan normal futbolçu kimi, yalnız Kevin Kiqan və ya ancaq cinahdan ötürmə etməyi bacaran model Devid Bekhemin adını çəkmək olardı. Klublar isə əksinə, çox güclü idi. Bu gücün və klublara diqqət ayrımaq siyasətinin sonu bügünkü mənzərədir. Hazırda İngiltərədə kifayət qədər Avropa və dünya səviyyəli ulduz futbolçular yetişir. Foden, Saka, Sanço və digərlərinin yetişməsi klubların güclü olması və yeridilən siyasətin məntiqi nəticəsidir.

Azərbaycan futbolu İngiltərə futbolu ola bilməz. Lakin biz model kimi məhz bunu götürməliyik. Legioner limitini yeridib, süni şəkildə futbolçu yetişdirmək olmur. “Hər şey milli komanda üçün” deyib, heç nəyə nail ola bilməyəcəyik. İl ərzində cəmi 4-5 oyun keçirən komanda ölkə futbolunu dünyada tanıtdıra bilməz. Əsas gücü klublara vermək lazımdır. Çünki əlimizdə olan maliyyə imkanları ilə futbolçu yetişdirmək mümkün deyil, amma güclü çempionat və komandalar yaratmaq mümkündür.

FƏRİD

P.S.: Ötən həftə Qazaxıstan Futbol Federasiyası legioner limitini ləğv edib. Hamı bilir ki, qadağa ilə nəyəsə nail olmaq mümkün deyil. Gün o gün olsun ki, bzidə də bunu anlasınlar.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: