“Araz-Naxçıvan” transfer pəncərəsi bağlanana kimi azı bir yerli oyunçunun keçidini həll etmək istəyir. Muxtar Respublika təmsilçisinin əsas hədəfi isə Rəhim Sadıxovdur.

Futbolinfo.az xəbər verir ki, “Zirə” milli komandamızın yarımmüdafiəçisini buraxmağa hazırdır. Əsas heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı oyunçunun müqaviləsi yayda başa çatacaq. Qəsəbə təmsilçisi onu azad agent kimi yola salmamaq üçün indi satmağın əleyhinə deyil. Lakin onlar naxçıvanlılarla qiymət məsələsində anlaşa bilmirlər.

“Zirə”nin səbr etməsinin səbəbi Sadıxova xaricdən də bir neçə təklifin gəlməsidir. Yəqin ki, yekunda ən sərfəli varianta üstünlük veriləcək. “Araz-Naxçıvan”ın transferi reallaşdırmaq üçün fevralın 8-dək vaxtı var. Müqaviləli oyunçuların keçidi üçün “pəncərə”nin bağlandığı son gün məhz o vaxtdır.

Əslində, “Araz-Naxçıvan” keçidi tamamlamaq istəyir. Amma bunun üçün öncə heyəti seyrəltmək lazımdır. Büdcənin böyüməməsi üçün bəzi faydasız legionerlərin yola salınması lazımdır. Hazırda 2-3 belə oyunçu var, onlardan getməsi üçün ən çox səy göstərilən isə Aksel Nqandodur.

Komandaya payızda gələn 31 yaşlı fransalı yarımmüdafiəçini müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə razı salmaq mümkün olsa, Rəhim Sadıxovun transferi üçün imkan yaranacaq. Semir Bukviç və Elvis Maşike də baş məşqçi Azər Bağırovun vidalaşmaq istədiyi legionerlərdir.

rehim sadixov - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp