“Hər şey yaxşıdır, təlim-məşq toplanışı da normal keçir”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Junior Martins deyib.
Braziliyalı futbolçu komandasının qış hazırlığından və mövsümün ikinci yarısı üçün olan planlarından danışıb: “Kəpəz” üçün çempionat yenidən başlayacaq. Biz bir kollektiv olaraq diqqətimizi komandanın liqada qalmasına yönəldəcəyik. Yuxarı pillələrə qalxmaq üçün şansımız var və biz özümüzü buna hazır hiss edirik”.
Junior komandasının yalnız bir transferlə kifayətlənməsini problem saymayıb: “Mənə görə komandada kim olursa-olsun, biz liqada qalacağıq. Əsas məqsədimizə nail olacağımıza əminəm. Çünki keyfiyyət var və biz işimizi görəcəyik”.
Vinger “Kəpəz”in Antalyaya yollanmayaraq Bakıda qalmasını və daha az yoldaşlıq görüşü keçirməsinin çətinlik yaratmayacağını da deyib: “Mənim üçün şəxsən bu, heç nəyi dəyişmir. “Kəpəz” üçün əsas olan liqadır. Biz liqanın son mərhələsinə hazırıq. Məşqçimiz çox yaxşıdır və yaxşı insandır. Bizim bütün oyunçularla yaxşı münasibəti var. Onun planları da futbolçularla eynidir. Biz birlikdə daha yaxşı olacağıq”.