“Neftçi” qış transfer çalışmalarını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu, xüsusən də, hücum xəttini gücləndirməkdə israrlıdır.

“Ağ-qaralar” forvard mövqeyi üçün yeni oyunçusunu Rumıniyadan tapıb. Belə ki, rəhbərlik “Styaua”nın italiyalı oyunçusu Andrea Kompanyo ilə maraqlanır. Bunu “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu da təsdiqləyib.

44 yaşlı mütəxəssis hələ Azərbaycan təmsilçisində olarkən 27 yaşlı forvardı rəhbərliyə təklif etdiyini bildirib: “Kluba onun transferini məsləhət görmüşdüm. Bu gün Azərbaycan klubu mənimlə əlaqə saxlayıb bu barədə bir daha məsləhət istədi. Onlara müsbət rəy verdim”.

Maraqlıdır ki, “Styaua”nın sahibi Gigi Becali də Kompanyo üçün masada təkliflərinin olduğunu təsdiqləyib: “Kompanyo üçün 400 min avro təklif aldım. Düşünürəm ki, bu keçidə razılıq verəcəyəm”.

Qeyd edək ki, Andrea Kompanyo 2022-ci ildən “Styaua”da çıxış edir. İtaliyalı bu mövsüm meydana çıxdığı 22 görüşdə 4 qol vurub. 27 yaşlı forvard Buxarest klubuna 2022-ci ilin yayında “Universitatya Krayova”dan keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp