Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasında qış fasiləsinə lider kimi yollanan “Qarabağ” ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayır. Ağdam klubunun çempion olacağını indidən əminliklə demək olar?

– Məncə, çempion dəyişməyəcək və bu il də qızıl medallara “Qarabağ” sahib çıxacaq. İkinci yerlə aradakı xal fərqi də bunu deməyə əsas verir. “Qarabağ” heyətinə və oynadığı futbola görə rəqiblərindən üstündür.

– Az qol vurub, az qol buraxan “Zirə” 2-ci pillədəki mövqeyini mövsümün sonunadək qoruya biləcək?

– Hazırda qış transfer dövrüdür və komandalar çalışırlar ki, heyətlərinə yeni futbolçular qatsınlar. Hamı güclənməyi hədəfləyib. Bu mənada “Zirə” üçün mövsümü ikinci pillədə başa vurmaq çətin olacaq.

– “Neftçi”də baş məşqçi dəyişikliyi oldu, Adrian Mutunu Miodraq Bojoviç əvəzlədi. Sizcə, bu dəyişiklik qış fasiləsinə 3-cü pillədə yollanan “ağ-qaralar” üçün faydalı olacaq?

– Bunu zaman göstərəcək. Yeni məşqçinin işini görmək üçün bir qədər vaxt lazımdır. İnşallah, bu təyinat həm “Neftçi”, həm də Azərbaycan futbolu üçün uğurlu olar. “Neftçi”nin güclənməsi ümumilikdə futbolumuzun xeyrinədir.

– Hansı komandaların mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağını düşünürsünüz?

– Hər bir klubumuza uğurlar arzulayıram. Ad çəkmək istəmirəm. Kim layiqli və baxımlı futbol oynayacaqsa, o da Avropada bizi təmsil etsin.

– Çempionatın ilk yarısında özünə bənzəməyən, hazırda müvafiq olaraq 8 və 10-cu pillələrdə qərarlaşan “Sabah”la “Qəbələ”dən fasilədən sonra necə çıxış gözləyirsiniz?

– Mövsümün ilk hissəsinin son oyunlarında “Sabah” xallar topladı. Turnir cədvəlində komandalar arasında elə də böyük xal fərqi yoxdur. Bu isə həm “Sabah”a, həm də “Qəbələ”yə qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla mövqelərini yaxşılaşdırmaq imkanı verir. Düşünürəm ki, qış fasiləsindən sonra çempionat matçları daha maraqlı keçəcək, daha gərgin mübarizənin şahidi olacağıq.

– Əksəriyyət millinin yeni baş məşqçisinin yerli mütəxəssis olmasını istəsə də, görünən odur ki, bu posta yenə əcnəbi gətiriləcək. Millinin sabiq üzvü olaraq, hansı təyinatın faydalı olacağını hesab edirsiniz?

– Kim olacaqsa, millimizə xeyir verə biləcək biri olsun. Bu mövzu haqqında çox danışılır. Həm yerli, həm də əcnəbi məşqçilərin adları çəkilir. Mən yığmamız üçün ən faydalı olacaq şəxsin gətirilməsini istərdim. Uzun illər millinin şərəfini qorumuşam. Bu komandanın uğurları hər bir azərbaycanlı kimi məni də çox sevindirər.

FƏRİD

Shares: