MBA-da bu gecə 11 oyun baş tutub. Onlardan 4-ü Avropa azarkeşləri üçün münasib vaxtda başlayıb.

İlk start verilən oyun Filadelfiyada olub. “Siksers” çətinlik çəkmədən “Hyuston Rokets”i məğlubiyyətə uğradıb. Matçın ikinci hissəsində hesabdakı fərq bəzi anlarda 30 xala çatıb.

Keçən il MVP seçilən Coel Embiid 41 xal toplayıb. Qonaqların türkiyəli basketbolçusu Alperen Şengün tripl-dabl etməyə yaxın olub. Lakin matçın taleyi həll edildikdən sonra – 4-cü periodda baş məşqçi onu meydançaya buraxmayıb. Bununla da Alperenin göstəriciləri 19 xal, 9 ribaund və 6 asistdə qalıb.

“Dallas Maveriks” evdə “Nyu-Orlean Pelikans”dan üstün olub – 125:120. Donçiçin yoxluğunda əsas güc İrvinqin üzərinə düşüb. O da oyunu 42 xal, 7 ribaundla tamamlayıb.

Nəhayət ki, “Detroyt Pistons” qələbə qazanıb. Komanda “Vaşinqton Vizards”ı səfərdə məğlubiyyətə uğradıb – 129:117. Stiv Körrinin 26 xalı “Qolden Steyt Vorriors”u məğlubiyyətdən xilas etməyib.

San-Fransisko komandası Memfisdən əliboş dönüb. “Los-Anceles Leykers” isə evdə “Oklahoma-Siti Tanders”ə qalib gəlməklə turnir cədvəlində vəziyyətini bir qədər yaxşılaşdırıb. Lebron Ceyms oyunda 25 xal toplayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp