Rövnəq Abdullayev – Elşad Nəsirov – Elxan Məmmədov üçlüyü təslim olmaq istəmir. Azərbaycan futbolunun idarəçiliyindən əl çəkmək fikrində olmayan, onu məhv etməkdə israrlı qalan bu şəxslər 16 illik hakimiyyətlərini azı daha 4 il uzatmaq üçün hər şey edir. İndi onlar yaranan hər kiçik fürsəti öz xeyirlərinə istifadə etməyə çalışır.

AFFA İcraiyyə Komitəsinin növbəti iclası yanvarda baş tutmayacaq. Ayın 11-də Gəncədə baş tutması gözlənlən, lakin bir gün qalarkən təxirə salınan tədbirin yeni tarixi müəyyənləməyib. Həmin yığıncaqda AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtı təyin olunmalı idi. Lakin AFFA prezidentinin səhhətinin pisləşməsi səbəb göstərilərək iclas təxirə salındı. Abdullayevin həmin vaxtdan bu yana özünə gəlib işə çıxdığını nəzərə alsaq, iclasın reallaşması üçün hər hansı əngəl yoxdur. Lakin qurum yeni tarixi müəyyənləşdirməməklə niyyətini göstərir.

Müraciət etdiyimiz AFFA rəsmiləri dəqiq tarix deyə bilmir, lakin bizdə məlumat var ki, yanvarda hər hansı yığıncaq gözlənilmir. Mətbuata ləğvetmənin əsas səbəbi kimi fevralın 7-də ölkədə baş tutacaq Prezident Seçkilərinin olduğu haqda xəbərlər sızdırılır. Bəlkə də bu səbəbdən Gəncədə Tədris Mərkəzinin və “Kəpəz” Akademiyasının təmtəraqlı açılışının təxirə salınmasını başa düşmək olar, amma İK üzvlərinin bir araya gəlib tarix müəyyənləşdirməsi problem olmamalıdır. Deməli, AFFA rəhbərliyi guya “yuxarı”dan gələn tapşırığı fürsət bilib şəxsi məqsədlərini reallaşdırır.

Nizamnaməyə görə, AFFA-nın Hesabat-Seçki Konfransı ilin ilk 3 ayı ərzində reallaşmalıdır. Yəqin ki, bu qaydaya əməl olunacaq. Konfrans martın sonlarına təyin olunacaq. Bu qədər yubatmanın da gizli səbəbləri var və yazının davamında bundan bəhs edəcəyik. Vaxtın indi təyin olunması üçün “iki ay öncədən” tələbi də yoxdur. Elxan Məmmədovun dəstəsi vaxtında Nizamnaməni istədikləri kimi dəyişib və bu bəndi yox ediblər. Yəqin ki, fevralın ortalarında İcraiyyə Komitəsinin iclası keçiriləcək və martın sonuna Konfrans günü təyin olunacaq.

Konfransın vaxtının maksimum uzadılmasının səbəbi var və hazırkı AFFA rəhbərliyi niyyətini ötən həftə göstərdi. Ölkədə Prezident Seçkilərindən sonra hansısa dəyişkliklərə ümid edən dəstə yenidən möhkəmlənməyə çalışır. Məlum “üçlük” və dəstələrinin üzvləri kreslolarını qorumaq üçün hər varianta əl atırlar.

Xatırlayırsızsa, dekabrda Xankəndidə baş tutan kubok oyunundan sonra AFFA rəhbərliyi dövlət başçısının qəbuluna düşə bilməmişdi. Elxan Məmmədovun FIFA-nın baş katibini Bakıya gətirib “başqa” görüşlərə nail olmaq, dəstək qazanmaq arzusu da ürəyində qalmışdı. İndi onlar növbəti kartı ortaya atıb və ən yüksək səviyyədə dəstək almaq üçün daha bir cəhd göstərirlər.

Ötən həftə bəlli oldu ki, FIFA-nın yeni layihəsi Azərbaycanda reallaşdırılacaq. Yoldaşlıq görüşlərini əvəz etmək üçün düşünülən ilk mini-turnirlərdən biri məhz ölkəmizə salınıb. Bolqarıstan, Tanzaniya və Monqolustan millilərinin də yarışacağı turnir martın son ongümlüyündə Bakıda baş tutacaq. FIFA-da çalışan Elxan Məmmədov dostlarının sayəsində, bəlkə də başqa yollarla yeni layihənin bir yarışını ölkəmizə saldırmaqla öz məqsədlərinə doğru növbəti addımı atdılar.

Bu mənasız yarışda niyyət guya mötəbər bir turniri təşkil etdiyimiz görüntüsü yaratmaqdır. Zəif rəqiblərlə oyunlarda mini-turnirin qalibi olmağı, növbəti dəfə “yuxarılar”ı aldadıb dəstək almağı hədəfləyirlər. Hesabat-Seçki Konfransının martın sonlarına salınmasında da niyyət budur. Eyni vaxtda keçiriləcək yarışın gedişatına uyğun olaraq qərar verilə, indiki AFFA rəhbərliyi kreslosunda qala bilər.

Tanzaniya, Monqolustan kimi ölkələrin yığmalarının Bakıya gətirilməsində, Konfransın martın sonunadək ertələnməsində yeganə məqsəd budur. Heç kimi futbolun inkişafı düşündürmür, dava yorğan davasıdır.

İndi növbəti addım milli komandaya yeni baş məşqçinin təyinatı olacaq. İşçi Qrupun rəhbəri olan Elşad Nəsirov ən qısa zamanda hansısa əcnəbini yığmaya gətirmək üçün hər şey edəcək. Və həmin çalışdırıcının Bakıdakı mini-turnirdə zəif millilər üzərində gözlənilən qələbəsi isə AFFA rəhbərliyinə əlavə dəstək olacaq, Konfransda əlləri güclənəcək. Beləcə futbol ictimaiyyəti, azarkeşlər, eyni zamanda ölkə rəhbərliyi növbəti dəfə aldadılacaq. Xankəndidə məqsədinə çata bilməyənlər belə şoular təşkil etməklə ümidini sonacan qovur.

Amma zaman yetişib. Rövnəq Abdullayev – Elşad Nəsirov – Elxan Məmmədov üçlüyü hər nə qədər oyun oynasa da, onlara etimad limiti tükənib. Bu şəxslərə dəstək verilsə, artıq yalnız onlar deyil, dağıdıcı qüvvələrə “OK” deyənlər özü də hədəf olacaq. Göz görə-görə oyunbazlara qahmaq çıxılmasının başqa nəticəsi ola bilməz.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp