Avstraliya açıq çempionatında növbəti oyunlar keçirilib. Qadın tennisçilərin mübarizəsində sensasiya baş verib. Keçən ildən etibarən hər kəsin diqqətində olan 16 yaşlı Mirra Andreyeva Ons Jaberi məğlubiyyətə uğradıb. Tunisli tennisçi oyun ərzində yalnız 2 geym qazana bilib – 6:0, 6:2.

Ümumiyyətlə, gün ərzində qadınlar arasında baş tutan qarşılaşmaların yalnız ikisində 3 set oynanılıb. Digərlərində gərgin mübarizə olmayıb. Hanter Ziqmundu, Timofeyeva isə Voznyaskini 3 setdə məğlub edib.

Turnirin favoritlərindən sayılan Sabalenko və Qauf rahat qələbə qazanıblar. İspan tennisçi Badoza da növbəti mərhələyə yüksəlib.

Kişilərin yarışında turnirin 5-ci raketkası Andrey Rublyov rəqibini 3 setdə məğlubiyyətə uğradıb. 5 set davam edən oyunda Muzetti Van Eşə məğlub olub. Yannik Sinner və Aleks De Minorun rahat qələbələrini qeyd etmək lazımdır. Onların hər ikisi 3 setlik oyunlarda qalib gəlib. De Minorun həmyerlilərinin görüşləri isə həddindən artıq maraqlı alınıb.

Cordan Tompsonun yunan Stefanos Tsitsipasla qarşılaşmasının 3-cü setində korta qağayı girib. Bir neçə dəqiqə tribunalar üzərində qanad çaldıqdan sonra quş kortu tərk edib. Oyunun 4-cü setində mübarizə uzun müddət azarkeşlərə zövq verib. 2 matçboldan qurtulan avstraliyalı tennisçi hesabı bərabərlşdirməyə yaxın olsa da, bunu bacarmayıb. Tay-brekdə Tsitsipas ikinci setdə olduğu kimi qalib gələrək növbəti mərhələyə yüksəlib.

Digər avstraliyalı tennisçi Aleksey Popırin isə Novak Cokoviçlə qarşılaşıb. İlk setdə serb tennisçi qalib gəlib. İkinci seti isə Popırin qazanıb. 3-cü setdə 3 dəfə breyk etmək şansı əldə etməsinə baxmayaraq, avstraliyalı tennisçi hesabda geri düşüb. Cokoviç tay-brekdə qalib gəlib. 4-cü set serbiyalı üçün daha asan alınıb. Beləliklə, Novak Cokoviç 3-cü mərhələyə adlayıb.

Shares: