“Australian Open”də bu gün keçirilən oyunlar dünənkilərdən fərqli olaraq daha maraqlı alınıb. Kişilərin mübarizəsində bir neçə oyun 5 set davam edib.

Gün ərzində gözlənilməz nəticələr də qeydə alınıb. Turnirin 5 nömrəsi Holger Rune Artur Kazoya məğlub olub. Servisləri ilə diqqət çəkən fransız tennisçi Runeyə 4 setdə qalib gəlib.

Aleksandr Zverev növbəti mərhələyə adlamaq üçün 5 set oynamaq məcburiyyətində qalıb. 5-ci setdə hər şeyi tay-brek həll edib. Almaniyalı tennisçi Klayna qalib gələrək sensasiyaya imkan verməyib.

Yerli tennisçi Pursellə Ruudun görüşü də eyni ssenari ilə baş tutub. Burada da qalibi həlledici setin tay-breki müəyyənləşdirib. Norveçli tennisçi Zverev kimi 10:7 qalib gəlib.

Kesmanoviç – Ştruff qarşılaşmasında həlledici setin tay-brekini serb tennisçi 11:9 qazanıb. Beləliklə də gün ərzində 3 oyunun qalibi həlledici setin tay-brekində məğlub olub.

Keçən il “Uimbldon”u qazanan Karlos Alkaras Lorenso Soneqo ilə oyunda xeyli əziyyət çəkib. İlk seti qazandıqdan sonra o, ikinci setdə tay-brekdə məğlub olub. 3-cü seti rahat qazandıqdan sonra dərhal breyk edib. Lakin italyan tennisçi 4-cü setdə tarazlığı bərpa etməyi bacarıb. Nəticədə bu set də tay-brekə gedib. Bu dəfə isə ispan tennisçi daha dəqiq olaraq qalib gəlib.

Son vaxtlar əla formada olan Qriqor Dimitrov 4 setdə avstraliyalı Kokinakisi mübarizədən kənarlaşdırıb.

Qadınların mübarizəsində əsas favoritlərdən sayılan Yelena Rıbakina məğlub olub. Rusiyalı Anna Blinkova ilə oyun turnirin bəzəyinə çevrilib. Xüsusilə də son setdə hadisələr drammatik şəkildə davam edib. 2 dəfə matçboldan yararlanmayan Blinkova setin tay-brekə getməsinə imkan verib. Burada isə azarkeşlər nadir hallarda rast gəlinən mübarizəyə şahidlik ediblər. Tay-brek 30 dəqiqə davam edib. Blinkova 10-cu matçbolundan istifadə edərək 22:20 hesabı ilə qələbə qazanıb. Bu, “Böyük dəbilqə” seriyalı turnirlərinin tarixində ən uzun tay-brekdir.

Digər bir sensasiya Şvyontek – Kollins görüşündə ola bilərdi. Lakin britaniyalı tennisçi matçbollardan faydalana bilməyib. Nəticədə polyak idmançı növbəti mərhələyə adlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp