“Neftçi” rəhbərliyi Kamil Məmmədovdan narazıdır. Klubun Müşahdə Şurasının komandadakı əsas gözü olan menecerin fəaliyyəti daxildə ciddi müzakirə mövzusudur.
Yayda heyəti faydasız legionerlərlə dolduran bu şəxsin klub rəhbərliyi ilə dostluğuna çat düşüb. Artıq hamı anlayıb ki, Məmmədov komandanın uğurundan çox şəxsi mənafeyini düşünür. Təsadüfi deyil, iki dəfə “Neftçi” düşərgəsinə yerləşən bu şəxsin vaxtında həmişə uğursuzluq yaşanıb. Hans-Yürgen Gede baş məşqçi olarkən də, sonuncu dəfə Orxan Hüseynzadə kluba prezidentlik edərkən də “Neftçi” autsayderlər sırasına enib. Hazırkı “Neftçi”nin durumu da bəllidir. Hələ mövsümün yarısı geridə qalıb, bakılılar isə lider “Qarabağ”ın 13 xal gerisindədir. Və bütün hallarda komandanın gizli idarəedicisi Məmmədov olub.
Adrian Mutu seçimində rəhbərliyi aldadan Kamil bəy özünü “yandırdı”. Onun seçdiyi futbolçulardan Aaron Olenare də 6 ay keçməmiş yola salındı. Bu legioner xroniki diz zədəsi ilə komandaya götürülmüş, başqa kluba bağlılığı olmasa da, “transferinə” NƏDƏNSƏ böyük pullar xərclənmişdi. Dieqo Valdes, Andre Şinyaşiki və Lukas Melanonun transferlərinə milyon avrodan çox xərclənib, onlar isə heyətə düşməkdə çətinlik çəkir. Və bütün bu dəstənin ölkəmizə gəlməsinin səbəbkarı məhz Kamil bəydir. Klubda maaş, menecer kimi faiz alır.
O, futbola böyük ümidlərlə gələn Rövşən Nəcəfin gözdən düşməsi üçün əlindən gələni etdi və bunu bacardı. Rövşən bəy əsl komanda quruculuğu üçün büdcəni əhəmiyyətli şəkildə artırıb saf niyyətlə iş görmək istədi, Məmmədov isə onun planlarını şəxsi mənafeyinə qurban etdi.
Lakin rəhbərlik artıq Kamil bəyin niyyətindən xəbərdardır. Təsadüfi deyil, qışda əsas komanda yeni idman direktoru Yens Anderssonun ixtiyarına verilib. İsveçli isə Məmmədovu əsas komandaya yaxın buraxmır. “ÇSKA-Sofiya”da ümidi doğrultmadığı üçün uzaqlaşdırılan, Kamil bəyin isə “Neftçi”yə gətirmək istədiyi Brayan Morenonun transferinə də bu üzdən veto qoyulub.
“Neftçi”də problem təkcə Məmmədovla bağlı deyil. Klubun eyni adamlara bağlı şirkətlərlə “əlbir” fəaliyyəti, yeni yazılan, amma bəyənilməyən himnə görə dostlara ödənilən, deməli, havaya sovrulan 20 min manat… Belə faktlar çoxdur və “Neftçi” əvvəlkindən də pis idarə olunur. Rövşən Nəcəfin səxavətindən istifadə edənlər bu şəxsi futboldan bezdirməyənə kimi dayanmayacaq. Və sonra futbola yad olan növbəti dəstə gəlib yenə eyni şeyləri edəcək. Amma Kamil Məmmədov hər dəfə sponsorlara, rəhbərliyə “xod” tapa biləcək.
VÜSAL MAHMUDOV