Basketbol üzrə Avroliqa turnirinin 22-ci turu 5 matçla start götürüb. Ən diqqətçəkən nəticələrdən biri kimi “Anadolu Efes”in “Barselona” üzərində qələbəsini qeyd etmək olar.
Ardıcıl məğlubiyyətlərdən sonra istanbullular ikinci qələbəni qazanıblar. Bunun da səbəbi zədəli oyunçuların sağalaraq komandaya qatılmasıdır. İlk hissə bərabər şəraitdə keçsə də, fasilədən sonra Türkiyə təmsilçisi qonaqlara aman verməyib – 98:74.
İspaniyanın digər komandası “Baskoniya” səfərdə “Srvena Zvezda”nı məğlub edib. Böyük fərqlə geridə olmasına baxmayaraq, basklar oyunda dönüş yarada biliblər – 91:90.
Almaniyanın iki komandasının qarşılaşmasında daha yüksək pillədə qərarlaşan “Bayern” 82:65 hesabı ilə qələbə qazanıb. Digər autsayder “Villerban” isə İtaliyada “Virtus”a 63:73 hesabı ilə məğlub olub. Yunanıstanda baş tutan “Olimpiakos” – “Makkabi” qarşılaşmasının qalibi isə ev sahibləri olub – 89:72.
Bu gün 22-ci turun daha 4 oyunu keçiriləcək.