14-19 yanvar tarixlərində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Respublikamızın qərb bölgəsinə səfər edib.
Futbolinfo.az xəbər verir ki, o, Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb, məşq prosesini izləyib.
Umudov federasiyanın xüsusilə regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəklərini davam etdirərək diqqət mərkəzində saxlayacaqlarını bildirib. Bununla yanaşı, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsiylə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Vitse-prezident məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda da danışıb, rəy və təklifləri dinləyib. Firdovsi Umudov böyük ənənəsi olan ağırlıqqaldırma idman növünün parlaq gələcəyinin təmin edilməsi üçün lazımi addımlar atılacağını qeyd edib.
Federasiya rəhbərliyinin region səfərləri bundan sonra da davam etdiriləcək.