Avstraliyada davam edən tennis üzrə “Böyük dəbilqə” turnirində ilk ¼ finalçılar məlum olub. Keçən ilin çempionu Novak Cokoviç rahat şəkildə öz görüşünü qələbə ilə tamamlayıb. Serbiyalı tennisçi özündən 1 yaş kiçik olan Aleks Mannarinoya oyun ərzində cəmi 3 geym verib – 6:0, 6:0, 6:3.
Favoritlərdən sayılan Yannik Sinner də qələbə üçün 3 set oynamalı olub. İtaliyalı idmançı Karen Xaçanova qalib gəlib – 6:4, 7:5, 6:3.
Yunanıstanlı Stefanos Tsitsipas üçün isə turnir başa çatıb. O, 4 setdə (7:6, 5:7, 6:3, 6:3) amerikalı Teylor Fritsə uduzub.
Kişilər arasında günün son oyunu çox gərgin alınıb. Son günlər yaxşı formada olan iki tennisçinin qarşılaşması 5 set davam edib. Andrey Rublyov Aleks di Minorla oyunun ilk setində qalib gəlib – 6:4. Sonrakı iki setdə avstraliyalı tennisçi tay-brekdə qələbə qazanaraq önə keçib. 4-cü setdə breyk edərək qalib gələn Rublyov, həlledici setdə rəqibinə şans verməyib – 6:0.
Beləliklə də turnirin bu hissəsində 1/4 final cütlükləri məlum olub. Yarımfinala çıxmaq üçün Cokoviç Fritslə, Sinner isə Rublyovla qarşılaşacaq. Qadınların yarışında oyunlar uzun sürməyib. Qauf, Sabalenka və Kostyuk 2 setdə qalib gələrək növbəti mərhələyə adlayıblar. 16 yaşlı Mirra Andreyevanın çıxışı isə bu mərhələdə yekunlaşıb. Rusiyalı tennisçi çex Kreyçikovaya məğlub olub – 6:4, 3:6, 2:6.