Heç-heçə bəlkə də ötən mövsümün iki mükafatçısının oyununda gözlənilən nəticədir. “Qarabağ”a rəqib ola bilməsələr də, həm “Sabah”, həm də “Neftçi” avrokuboklara vəsiqə uğrunda mübarizənin favoritləridir. Tutduqları mövqedən asılı olmayaraq, paytaxt təmsilçlərinin son turadək hədəfə çatmaq üçün mübarizə aparacaqları da aydındır.
Misli Premyer Liqasında mövsümün ikinci yarısı əcnəbilərin dueli ilə başladı. Ölkəmizdə cəmi iki əcnəbi baş məşqçi çalışır və onların qarşılaşması qolsuz bitdi. Yeni müqavilə imzalayacağı deyilən Murad Musayev ötən mövsümkü uğurlu çıxışın davamını gətirə bilməsə də, rəhbərlik onun fəaliyyətindən razıdır. Rusiyalı mütəxəssis komandanın “sükanı arxasında” qalacaq. Miodraq Bojoviç isə Azərbaycanda debüt edirdi.
İnsaf naminə, Aleksey İsayevi itirməsinə baxmayaraq, “Sabah” rəqibindən daha inamlı təsir bağışlayırdı. Düzdür, “bayquşlar” onlara vacib olan xalları qazana bilmədi, amma əsas rəqiblərdən birinin çox önə buraxılmaması da önəmli idi. Bojoviç isə Adrian Mutunun ruhunu öldürdüyü komandanı dirçəldə bilməyib. “Neftçi”nin oyununda ümidverici nəsə görmədik. Monteneqrolu mütəxəssis komandanın oyun dəst-xəttinə heç bir yenilik gətirməyib.
Düzdür, Bojoviçin debüt oyunu “Neftçi”nin 2-ci pilləyə yüksəlməsinə təsadüf etdi. Amma turun növbəti oyunlarından sonra bəlkə də “Qarabağ”ın bir qədər də uzaqlaşdığı, “Zirə”nin yenidən önə keçdiyi, hətta daha iki komandanın bakılılara çatdığı məlum olacaq.
Qış hazırlığından sonrakı ilk oyunlar komandaların gücünü qiymətləndirmək baxımından uyğun olmaya bilər. Lakin itirilən xallar çox önəmlidir, böyük hədəfi olanlar mövsümün həlledici dönəmində hər matçda qələbə qazanmağa çalışmalı, bunu bacarmalıdır. Görünən odur ki, həm “Sabah”, həm də “Neftçi” qarşıdakı turları ortabablarla mübarizəyə həsr edəcək.
“Neftçi” usta futbolçuları sayəsində daha yaxşı vəziyyətdədirsə, “Sabah” yerində sayır. Masazır təmsilçisi məhz indi sürət yığmalı, ilk “üçlüy”ə yaxınlaşmalıdır. Amma gümüş mükafatçı mövsümü boşa vermək üçün hər şey edir. Qarşıdakı turlarda vəziyyətə bir qədər də aydınlıq gələcək.
İstənilən halda, dünənki nəticə bu komandaların rəqiblərini daha çox sevindirdi. İndi bu fürsətdən kimin daha çox faydalanacağını görəcəyik. Fasilədən sonrakı ilk turda qələbə qazananlar çempionatın qalan hissəsi üçün daha motivasiyalı olur. “Sabah”la “Neftçi” özləri belə fürsət yaratmışkən…
FƏRİD