Rumıniya klublarında prezident, idman direktoru və baş menecer vəzifələrində çalışmış Mixai Stoyka həmyerlisi Adrian Mutunun “Neftçi”dən ayrılmasına münasibət bildirib.
Futbolinfo.az saytı xəbər verir ki, ölkəsinin mətbuatına danışan Mixai Stoyka 44 yaşlı mütəxəssisin istefasını araşdırdığını bildirib: “Türkiyədə olarkən “Neftçi” ilə bir müddət eyni oteldə qaldıq. Mutunun ayrılmasının səbəbi mənə maraqlı idi. Rəhbərlikdən bunu soruşdum. Heç kim onu futbol nöqteyi-nəzərdən qınamadı. Onlar Mutunun çox sərt olduğunu, futbolçulara güzəştə getmədiyini bildirdilər. Başa düşürəm ki, oradakı futbolçular rahatlığa öyrəşiblər. Oyunçular sizi qəbul etməsə, nəticə əldə etmək çətin olur. Məşqçilər və futbolçular arasında əlaqə çox vacibdir”.
Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə təyin olunan Adrian Mutu ötən ay vəzifəsindən ayrılıb.