“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynovun futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən sonra çempionatda ilk oyununuzu “Turan Tovuz”a qarşı keçirdiniz və vacib qələbə (2:1) qazandınız. Sizcə, rəqibi nəyin hesabına üstələməyi bacardınız?
– Qərb derbisi hər zaman çətin keçir. Allaha şükürlər olsun ki, budəfəki oyundan 3 xalla ayrılmağı bacardıq. Belə matçlarda kim daha çox mübarizə aparırsa, qələbəni daha çox istəyirsə, o da qalib gəlir. Biz komanda olaraq qələbəni daha çox istədik və 3 xal qazandıq.
– Rəqib sayca azlıqda qalmasaydı, qalib gələ biləcəkdiniz?
– Rəqib futbolçunun qırmızı vərəqə alması işimizi daha da asanlaşdırdı. Amma istənilən halda Ayxan Abbasovun komandasına qalib gəlmək üçün çox əziyyət çəkməlisən. Düşünürəm ki, rəqib azlıqda qalmasaydı da, qələbə qazanardıq.
– Yəqin ki, doğma rayonunuzun komandasına qarşı oynamaq istərdiniz. Ehtiyatda qalmağınız sizi üzmədi?
– Komandanın ən təcrübəli futbolçusuyam. Oynayıb-oynamamağım fərq etməz, əsas “Kəpəz”in yaxşı nəticə qazanmağıdır.
– “Turan Tovuz”dan fərqli olaraq, “Kəpəz” qış toplanışını ölkə daxilində keçirdi. Bununla belə, meydandan 3 xalla ayrılan tərəf siz oldunuz…
– Sponsurumuz olsaydı, bəlkə də ölkə xaricinə gedə bilərdik. Amma ölkə daxilində də toplanışı yaxşı keçirdik. Bu qədər çətinliklərə rəğmən, yaxşı komanda formalaşıb. Uğurlu nəticələrin davamını gətirməyə çalışacağıq.
– Adil Şükürovun gəlişindən sonra “Kəpəz” daha inamlı görünür. Şükürov nəyin hesabına buna nail oldu?
– Hər məşqçinin öz istəyi olur. Bu, kimdəsə alınır, kimdəsə yox. Adil müəllimin işi göz qabağındadır. Artıq nəsə deməyə ehtiyac yoxdur.
– Çempionatın ikinci yarısında “Kəpəz”in hədəfi nədir: Premyer Liqadakı yerini qorumaq, yoxsa turnir cədvəlində mümkün qədər yuxarı pillələrə qalxmaq?
– Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bununla yanaşı, bacardığımız qədər yuxarı pillələrə qalxmağa çalışacağıq.
– Ev oyunlarınızı Gəncədə keçirməmək sizə necə təsir edir?
– İstəyərdik ki, Gəncədə oynayaq. Amma bizdən asılı bir şey deyil. Böyük azarkeş kütləmiz var. Onların dəstəyi bizim üçün çox önəmlidir.
– Gələcək karyeranızla bağlı qərar vermisiniz? Bu mövsüm sizin üçün sonuncu ola bilər, yoxsa yayda “davam” deyəcəksiniz?
– Əsas fikrim maya qədər komandama kömək etməkdir. Mövsüm bitəndən sonra qərarımı verəcəyəm. Amma onu deyim ki, karyeramı bitirmək fikrimdən keçir.
İLQAR AĞAYEV