“Turan Tovuz”un kapitanı Kamal Bayramovun futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqada mövsümün ikinci yarısına start verildi. İlk oyunda “Kəpəz”ə 1:2 hesablı məğlubiyyəti necə şərh edə bilərsən?
– Bizim üçün üzücü məğlubiyyət oldu. Azlıqda qalmağımız bu cür hava şəraitində rəqibə üstünlük verdi. Bu oyunu unudub gələcək matçlara hazırlaşmalıyıq. Bizə dəstək olan azarkeşlərə görə üzüldük. Bu soyuq, qarlı havada bizi sona qədər dəstəklədilər.
– Məğlubiyyətlə başlamaq komandanın özünə pis təsir edəcək?
– Biz də meydana qələbə üçün çıxmışdıq. Amma futbolda hər anın öz hökmü var. Sonacan mübarizə aparacağıq.
– Oyundan çox hakimlik müzakirə edildi…
– Özünü yalnız özü cəzalandıra bilən qurumun hakimləri haqqında danışmaq mənasızdır, bu barədə müzakirələri doğru saymıram. Bir insan təsəvvür edin ki, cəza almalı iş görür, sonra da ona deyirsən ki, özün özünü cəzalandır. Nə cəza verər ki? Təyinatı verən qurum da etdiyi səhvlərə görə yalnız özü özünü cəzalandıra bilər. İstəsə də, etdiyi səhvi düz çıxarır. Sənin, mənim və ya başqasının onları şikayət etməsi üçün bir yer yoxdur. Bu, absurd məsələdir. Futbolçunu klub cəzalandırır. Bunlar isə istəsə, özünü bağışlayır, istəsə yüngül cəza verir. Hakimlər də ortada.
– Epizodlara sonradan baxdınız? Vüsal Məsimovun İsmayıl Zülfüqarlıya qarşı kobudluğu zamanı hakim sarı ilə kifayətləndi…Səncə, qərarlar qərəzlidir, yoxsa səhv?
– Vüsalın epizodu qırmızı vərəqəyə daha çox layiq idi, nəinki Faiq Hacıyevin Amil Yunanova qarşı kobud oynadığı epizod. Faiq yenə ayaqlarını yığışdırmağa cəhd edir. Məsimov isə Zülfüqarlının ayağını qıra bilərdi. Hər iki epizod qırmızı vərəqəlik idi, hakim düzgün qərar versə, 50-ci dəqiqədən sonra oyun bərabərləşəcəkdi. Bu qərarların qərəzli olduğunu düşünürəm.
– Cari mövsümün ilk yarısında da hakimlərdən narazılıq etmişdiniz. Səncə, hansı addımı atmaq lazımdır?
– Məncə, hansısa addım barədə düşünmək mənasızdır. Hakimlərlə də oynamaq üçün taktiki, texniki cəhətdən hazırlaşmalıyıq. Başqa yolu yoxdur. Bu mövsüm 10-12 xalımızı əlimizdən alıblar. Heç nə demirəm, baxın, bu xallarla harda ola bilərdik, indi hardayıq?
– Növbəti turda evdə “Səbail”ə qarşı oynayacaqsız. Bu qarşılaşma da sizin üçün çox vacibdir.
– Bəli, çox önəmlidir. Zədəli oyunçularımız da qayıtsın, tam heyətlə hazırlaşaq. Evdə azarkeşlərimizi sevindirmək istəyirik.
FƏRİD