Azərbaycan çempionatlarında daha bir legioner baş məşqçi debüt edib.

Futbolinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 19-cu turunda gerçəkləşib.

“Neftçi” yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında ilk qarşılaşmaya çıxıb. “Sabah”la səfər görüşü 0:0 hesabı ilə başa çatıb.

Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb. Onadək 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

O, Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın baş məşqçisi olmuş Bojidar Bandoviç 2012/13 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik edib.

Shares: