Avstraliyada keçirilən “Böyük dəbilqə” turnirində ilk yarımfinalçılar məlum olub.
Günün ilk oyunu qadın tennisçilər arasında baş tutub. Ukraynalı Kostyukla amerikalı Qauf arasında keçirilən görüşün ilk 2 seti çox gərgin alınıb. İlk seti Qauf tay-brekdə qazanıb. İkinci setdə isə ukraynalı analoji qaydada qalib gəlib. 3-cü setdə Kostyukun müqavimətə gücü çatmayıb və Qauf yarımfinala yüksəlib.
Onun bu mərhələdə rəqibi Arina Sabalenko olacaq. Belaruslu tennisçi Kreyçikova ilə qarşılaşmada çətinlik çəkməyib. Ötən ilin çempionu 2 setdə rahat qələbə qazanaraq Qaufa rəqib olub. Xatırladaq ki, keçən il “US Open”də məhz Qauf Sabalenkonu məğlub etmişdi.
Kişilərin mübarizəsində Novak Cokoviç irəliləyişini davam etdirir. Oyundan oyuna formasını yaxşılaşdıran serb tennisçi Teylor Fritsə qalib gəlib. İlk seti tay-brekdə qalib tamamlayan Cokoviç ikinci setdə məğlub olub. Lakin ABŞ-li tennisçinin gücü yalnız buna çatıb. Sonrakı setlərdə qalib gələn Novak yarımfinala yüksəlib. Bu onun karyerasında 48-ci “Böyük dəbilqə” yarımfinalı olacaq.
Serbiyalı tennisçinin finala çıxmaq uğrunda görüşdə rəqibi Sinner – Rublyov oyununda məlum olub. İlk setdə breyklə qalib gələn italyan tennisçi üstünlüyü ələ alıb. İkinci setin taleyi tay-brekdə müəyyənləşib. Rublyov 5:1 öndə olmasına baxmayaraq, məğlubiyyətlə üzləşib və hesab 2:0 Sinnerin xeyrinə olub. 3-cü setdə də 6:3 hesabı ilə qalib gələn Sinner yarımfinalda Cokoviçə rəqib olub.