Misli Premyer Liqasında mövsümün ikinci yarısı qalmaqallarla başladı. 3 oyunda hakimlər ciddi səhvə yol verdilər və bütün hallarda müstəqil klublar bunun əziyyətini çəkdi, qərəzli qərarlar AFFA-nın vitse-prezidenti Elxan Məmmədova yaxınlığı ilə bilinənlərin xeyrinə işlədi.

Heç nə təsadüfən olmur. Bir oyunda hakim səhvi olsaydı, bəlkə də üstündən keçmək olardı, amma turun oyunlarının yarısından çoxunda qərəzli qərarlar varsa, hər şeyin məqsədli olduğu aydınlaşır. Deyəsən, proqnozlar doğrulur, AFFA-nın martın sonunda baş tutacaq Növbəti Hesabat-Seçki Konfransınadək bəzi klubların yuxarı sıralara pərçim edilməsi ssenarisi reallaşır. İndiki AFFA rəhbərliyi Məmmədovun Bakıdakı əlaltılarının idarə etdiyi “Sumqayıt”la “Səbail”i üst pillələrdə saxlamağa, beləcə yaxşı işlər gördüklərini göstərməyə çalışırlar. Ki, Konfransöncəsi bundan da faydalansınlar.

Son illərdə, xüsusilə bu mövsüm hakimlərin qərəzinə ən çox tuş gələn 3 klub var – “Zirə”, “Sabah” və “Turan Tovuz”. Onların hər birinin minimum 7-8 xalı əlindən alınıb. Bu komandaların indiki xalının üzərinə bir o qədərini gəlin və digərlərinin hesabından çıxın, mənzərəni görəcəksiz. AFFA-dakı işbazlar məhz həmin tablonu yox etmək üçün öz komandalarının qulağından tutaraq yuxarı çəkir. “Səbail” lə “Sumqayıt”ın – xüsusilə də ikincilərin – bu mövsüm qazandığı xalların bir qismi məhz hakim hədiyyələridir.

Turnir cədvəlinin hakimlərin əli ilə formalaşdırılması son vaxtlar daha ciddi hiss olunur. Və ssenari bir neçə gənc hakimin sayəsində səhnələşdirilir. Bütün qalmaqallı oyunların siyahısına baxın, qərəzli qərar verənlərə diqqət edin, o zaman Barış Şimşəkin başı üzərindən necə planlar qurulduğunu görəcəksiz.

1613635618 2 - Futbolinfo.az

Hakimlər Komitəsinin türkiyəli sədri VAR mütəxəssisidir, işinin peşəkarıdır, lakin onun idarəçilik, məmur bacarığı yoxdur. Bu səbəbdən onun bir çox “oyunlardan” xəbəri belə yoxdur. Ssenariyə uyğun işləyən gənc hakimlərin əksəriyyəti Elçin Məmmədovun yetirmələridir. Sabiq hakim əməllərinə görə AFFA-dan uzaqlaşdırılsa da, əli uzundur və Elxan Məmmədovun tapşırıqlarını yetirmələri vasitəsi ilə reallaşdırır. Turbatur, oyunbaoyun incələyin, həqiqəti görəcəksiz.

Sual yaranır: bəs, ilk turda ikisi FIFA referisi olmaqla bu qədər təcrübəli hakim niyə kənarda saxlanılır ki, Elçin bəyin yetirmələri komandaların taleyini həll edir? Bunun cavabı departament rəhbəri olan Cavid Cəlilovdadır. Özü də hakimlik edən bu şəxsin hansı bacarığına görə vəzifə sahibi olması özü maraqlıdır. Elxan Məmmədovun himayəsində olmuş Cəlilov təyinat işlərini həll edir, digərləri real nəticələrə köklənir.

302 - Futbolinfo.az

Şimşək bir ara televiziya vasitəsi ilə qalmaqallı qərarlara aydınlıq gətirir, səhvləri aydınlaşdırır, şərh verirdi. İndiki səhvlər o qədər barizdir ki, artıq onun da deməyə sözü qalmayıb, bəraət üçün şansı yoxdur, “oyun içində oyun” olduğunun fərqindədir. Ya qatığa qara deyib özünü, ya da səhvləri etiraf edib AFFA-nı biabır etməlidir.

Ümumiyyətlə, hazırda komitədə xaos yaşanır, müxtəlif qruplar var, ümumi işi düşünən yoxdur, hərə öz maraqlarına xidmət edir. Assosiasiya rəhbərliyi tezliklə hər şeyi nizamlamalıdır, əks halda bu haqsızlıqların sonu daha böyük qalmaqallara yol açacaq. Oyunlar Parisdən gələn fışqırıqla idarə edilsə, bəzi matçlar bitməyəcək! Elxan Məmmədova da xaos, qalmaqal bolluğu lazımdır ki, ona ehtiyac duyulduğunu göstərsin. Öncə problemi qondarır ki, sonra onu həll etmək üçün özünün peyda olmasına zəmin yaransın.

FƏRİD

Shares: