Azərbaycan millisinin sabiq kapitanı, hazırda II liqanın iştirakçılarından olan “Şahdağ Qusar”da çıxış edən Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi
– II Liqada mövsümün ikinci yarısına hazırlığa nə vaxt start verəcəksiniz?
– II Liqada fasilə uzundur. Mövsümün ikinci hissəsinə hələ martda start veriləcək. Marta kimi xeyli vaxt var. Hələ məşqlərə başlamamışıq. Fevralın 1-də toplaşıb məşqlərimizi bərpa edəcəyik. Çempionatın ikinci yarısına daha yaxşı hazırlaşmaq istəyirik.
– Fasilənin bu qədər uzun çəkməsi futbolçular üçün mənfi hal deyil?
– Əlbəttə, mənfi haldır. Fasilə bu qədər uzun olanda futbolçuların işi çətinləşir. İstirahət çox çəkəndə çəki baxımından, həmçinin formanı bərpa etmək mənasında problemlər yaranır. Futbolçular özləri buna peşəkar yanaşmalıdırlar. Fasilə uzun olsa da, fərdi məşqlər etməli, hər kəs öz üzərində işləməlidir. Formada qalmaq üçün mütləq individual hazırlaşmalıyıq.
– “Şahdağ Qusar” çempionatın ilk yarısını ikinci pillədə tamamladı. Komandanızın fasiləyəqədərki çıxışını necə dəyərləndirirsiniz?
– Düzdür, fasiləyə ikinci pillədə yollandıq. Pis nəticə deyil. Nəzərə alaq ki, digər komandalarla müqayisədə “Şahdağ Qusar” gec yığıldı, heyət gec formalaşdı. Son anda bildik ki, II Liqada çıxış edəcəyik. Buna görə də heyəti yığmaqda problem yaşadıq. Buna baxmayaraq, çempionatın ilk yarısını ikinci pillədə bitirdik. Əlbəttə, zirvədə olmaq istərdik. Ancaq indiki mövqedə olmağımızı da yaxşı nəticə sayıram.
– Çempionatın ikinci yarısına “Baku Sportinq”lə oyunla başlayacaqsınız. Liderlə matçda qələbə qazanmaq və mövsümün qalan hissəsinə uğurlu start vermək mümkün olacaq?
– “Baku Sportinq” çempionatın lideridir. Güclü komandadır, buna görə də turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. İndidən deyə bilərəm ki, bizim üçün çətin oyun olacaq. Yaxşı hazırlaşmalıyıq. Çempion olmaq istəyiriksə, belə komandalarla matçlarda xallar qazanmalıyıq. Bu görüş “Baku Sportinq”lə aradakı xal fərqini azaltmaq üçün yaxşı fürsətdir. İkinci yarının ilk oyunundan çox şey asılı olacaq. “Baku Sportinq”lə xal fərqini azalda bilsək, çempionluq şansımız artacaq. Çalışacağıq ki, oyunu qələbə ilə başa vuraq.
– Liderlik kürsüsünə əyləşmək və çempion olmaq şansınız nə qədərdir?
– Bu, hədəfimizdir və məqsəd dəyişməyib. Çempionata eyni hədəflə başlamışdıq. Məqsədimiz çempionluqdur. Düzdür, bu, çətin olacaq. Çünki II Liqada yaxşı komandalar, güclü rəqiblər var. İstənilən halda, məqsədimizə doğru irəliləmək istəyirik.
– Növbəti mövsümdə də “Şahdağ”a kömək edəcəksiniz?
– Hələ ki, oynayıram. Bu mövsümün sonunadək II Liqada çıxış etmək istəyirəm. Gələn mövsümlə bağlı qərarı çempionat bitəndən sonra vermək olar. Hədəf I Liqaya çıxmaqdır. Bunu edə bilsək, düşünəcəyəm. İndidən nəsə demək tezdir. Çempionatın bitməsini gözləməliyik.
AĞA