“Ferrari” şirkəti yelkən idmanı yarışlarında öz komandasının yaradıldığını elan edib. Komandanın rəhbəri Covanni Soldini olacaq.
Şirkət bu layihədə özünün bütün qabaqcıl texnologiyalarından – həm konseptual mərhələdə, həm də yaxtanın layihələndirilməsi və qurulmasında istifadə edəcək. Maranellodakılar bu təcrübənin gələcəkdə şirkətin idman avtomobillərinə müsbət təsir edəcəyini güman edir.
“Biz yarış ruhumuzu şövqətləndirəcək maraqlı səyahətin astanasındayıq. Potensialımız bizə adi sərhədləri aşmağa və ən son yeniliklərimizi nümayiş etdirməyə imkan verəcək”, – deyə “Ferrari” prezidenti Con Elkann layihəni təqdir edib.
Qeyd edək ki, Covanni Soldini son 11 ildə “Maserati” komandası ilə çalışıb.