“Sumqayıt” klubunun yaponiyalı yarımmüdafiəçisi Masaki Muratanın futbolinfo.az saytına müsahibəsi
– Çempionatın ikinci hissəsinə “Qəbələ” üzərində səfər qələbəsi (1:0) ilə başladınız. Bu oyundan 3 xalla ayrılacağınızı gözləyirdiniz?
– Matçdan öncə ancaq qələbə haqqında düşünürdük. Bu görüşdən qalib ayrılmaq bizim üçün vacib idi. Oyuna çox yaxşı hazırlaşıb özümüzü qalibiyyətə kökləmişdik. Buna görə də Qəbələ səfərindən 3 xalla qayıtmaq mənim üçün gözlənilməz olmadı.
– Cari mövsümdə keçirilən 3 oyunun heç birində “Qəbələ”yə uduzmamısınız. Sizcə, bu nə ilə bağlıdır?
– Şəxsən mən “Qəbələ”yə qarşı tam istədiyimiz oyunu göstərdiyimizi düşünmürəm. Açığı, son qarşılaşmada bir az şansımız gətirdi. Amma bu da futbolun bir hissəsidir. Bəzən yaxşı oynayırsan, amma qələbə qazana bilmirsən. Bəzən isə əksinə olur.
– Həqiqətən də son qarşılaşmada qol epizodlarına görə “Qəbələ” sizdən üstün idi. Hətta epizodların birində Osama Xalaylanın başla zərbəsindən sonra topu boş qapıdan çıxartdınız. Həmin epizodla bağlı nə deyə bilərsiniz?
– Mən bəstəboyam, hava mübarizəsində qalib gəlmək mənim üçün çətindir. Buna baxmayaraq, standart vəziyyətlər zamanı ötürmədən sonra nə olacağını təxmin etməyə çalışıram. Düzgün yer seçmişdim. Topun qapının həmin hissəsinə vurulacağını öncədən hiss etdiyim üçün o zərbənin qarşısını kəsə bildim.
– “Qəbələ” üzərindəki qələbə sayəsində turnir cədvəlində 3-cü pilləyə yüksəldiniz. Bundan əlavə, ikinci pillədə qərarlaşan “Zirə” ilə xallarınızı bərabərləşdirdiniz. “Sumqayıt”ın mövsümü ilk “3-lük”də bitirməyə gücü çatacaq?
– Vacib qələbə qazanaraq turnir cədvəlində irəlilədik. Bu tempdə davam etməliyik. Mən gələcək haqqında danışmaq istəmirəm. Biz ancaq qarşıdakı oyuna diqqət yetiririk. Mövsümü hansı pillədə bitirəcəyimizi zaman göstərəcək.
– Növbəti turda “Araz-Naxçıvan”la üz-üzə gələcəksiniz. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?
– Bizim üçün rəqibin kimliyi yox, necə oynayacağımız önəmlidir. Hər zaman öz oyunumuzu göstərməyə çalışırıq. Bu alınanda nəticə də yaxşı olur. Son matçı təhlil edib “Araz-Naxçıvan”la görüşdə daha yaxşı oyun göstərmək istəyirik.
– Azərbaycan çempionatının səviyyəsi sizi tam qane edir?
– Qış fasiləsində bəzi komandalar heyətlərinə yeni oyunçular qatdılar. Düşünürəm ki, transfer dönəminin sonuna qədər liqaya daha bir neçə yeni futbolçu gələcək. Azərbaycan Premyer Liqasında diqqət çəkən oyunçulardan biri olmaq istəyirəm.
– Baş məşqçi Samir Abasovun tapşırıqlarını qavramaq sizin üçün rahatdır?
– O, həmişə qələbəyə can atır və oyunlardan əvvəl bizə yaxşı motivasiya verir. Samir Abasovun rəhbərliyi altında özümü inkişaf etdirdiyimi düşünürəm.
– Azərbaycana gəlmiş azsaylı yapon futbolçulardan birisiniz. Ölkəmizə tam adaptasiya ola bilmisiniz? Azərbaycanda sizi müsbət və mənfi mənada nə təəccübləndirib?
– Azərbaycanda özümü yaxşı hiss edirəm. Komandamın infrastruktur imkanları, yaxşı şəraiti mənim üçün xoş sürpriz oldu. Bir əcnəbi kimi Azərbaycanda rahat yaşamağım üçün klubda hər kəs mənə kömək edir. Ölkənizdə mənfi mənada təəccübləndiyim məqam isə insanların stadionlara gəlməməsidir.
ABBAS