Tennis üzrə “Böyük dəbilqə” seriyasından olan “Australian Open”də bu gün qadınların turnirində yarımfinal oyunları keçirilib. Əvvəlcə korta ötən ilin çempionu Arina Sabalenko ilə Korin Qauff çıxıblar.

Keçən il “US Open”də Sabalenkonu məğlub edən amerikalı tennisçi ikinci dəfə bunu bacarmayıb. Görüşün taleyinə təsir edən ilk seti tay-brekdə qazanan Arina, ikincidə 6:4 qalib olub. Beləliklə də o, ardıcıl ikinci il turnirdə çempion olmaq üçün həlledici oyuna vəsiqə əldə edib.

Belaruslu tennisçinin rəqibi Yastremska – Jenq qarşılaşmasında müəyyənləşib. Bu oyun da iki set davam edib. Hər iki setdə 6:4 hesabı ilə qalib gələn çinli idmançı karyerasında ilk dəfə olaraq finala yüksəlib.

Qadınların turnirində həlledici qarşılaşma şənbə günü keçiriləcək. Sabah isə kişilərin yarımfinal oyunları baş tutacaq.

Shares: