Son hakim qalmaqalları AFFA-nı hərəkətə keçirib. Misli Premyer Liqasının 19-cu turunda verilən qərəzli qərarların inkarı mümkün olmadığından, əməli fəaliyyətə ehtiyac yaranıb. İndi zərərçəkənlərin könlünü almaq, eyni zamanda səhvlərin təkrarlanmamasına çalışmaq lazımdır.

İllərdir AFFA rəhbərliyinin “qaynar nöqtələr”dən, problemin episentrindən, “zəlzələ ocaqları”ndan kənar qaçdığını görmüşük. Bu, Rövnəq Abdullayev – Elşad Nəsirov – Elxan Məmmədov triosunun dəyişməz ənənəsi olub. Pambıqla baş kəsib, hökmü də kabinetlərdə veriblər. Müxtəlif cəza metodları ilə iş adamlarını, biznesmenləri futboldan küsdürüb, haqqlarını yeyiblər, sonda çempionatı paytaxt birinciliyinə çeviriblər. Nəticədə oyuncaq klublara dövlət yardımı ayırtdırıb, öz istədkləri kimi idarə ediblər.

Son vaxtlar vəziyyət dəyşib. AFFA-nın vitse-prezidenti Elxan Məmmədovu himayədarları illərlə yığılan günahlara görə cavab verməkdən qurtarmaq üçün Parisə sürgün etdilər. Ardınca iş adamları yenidən futbola sərmayə qoymağa başladı. İndi isə vəziyyətlə barışmayan, monopoliyanın əlindən çıxmasından tədirgin olan Məmmədov yenə oyuna qoşulub. O, burada iş başında olan, sevimli klublarına rəhbər təyin etdirdiyi əlaltıları vasitəsi ilə yeni oyun qurub. Hakimlər Komitəsinə müdaxilə etmək üçün də kadrları var, vaxtilə komitələrə yerləşdirdiyi şəxslər indi onun ssenarisi ilə qalmaqal, narazılıq, xaos yaradır.

Məmmədovun Parisdə otura-otura Azərbaycanda söz sahibi olmaq planlarını darmadağın, onun futbol təsərrüfatında qurduğu biznes şəbəkəsini tar-mar edən, zənciri qıran Sərxan Hacıyev isə fərqli düşünür. O, qalmaqalların böyüməsinin qarşısını almaq üçün əməli addım atır. Problemli məsələlərdə özünü gizlədən digər rəhbər şəxslərdən fərqli olaraq baş katib özü birbaşa hadisə nöqtələrinə tələsir.

Dünən axşam öyrəndik ki, Sərxan bəy gecə ilə Tovuza yollanıb. O, son matçlarda ardıcıl hakim səhvlərindən əziyyət çəkən “Turan Tovuz”un hakimlərin qollarında üst pillələrə irəliləyən “Səbail”lə matçını canlı izləmək, bununla həm də klub rəhbərlərinə vəziyyətə nəzarət etmək istədiyini, başının üstündən oynanılan oyunlardan xəbərdar olduğunu göstərmək niyyətindədir. Çünki bu matçda “Səbail”ə növbəti dəfə yardım edilməsi, tovuzluların isə haqqının tapdanması ehtimalı var.

Hacıyevin özünü alovun içinə atması, problem olarkən də yaxasını kənara çəkməməsi təqdirəlayiq addımdır. Amma bu, nə dərəcədə faydalı olacaq? Onun hərəkəti AFFA rəhbərliyində təmsil olunan digər şəxslərdən fərqli olaraq, axına qarşı üzmək deyilmi? Hacıyev kabinet oyunçuları ilə bacaracaqmı? Yoxsa onun da “başını yeyəcəklər”?

Məmmədov və dəstəsi o qədər məkrli oyunçulardır ki, sırf baş katibi gözdən salmaq üçün bu gün hakimlərə “Səbail”in haqqını yemək, “Turan Tovuz”un lehinə hansısa qərar vermək tapşırığı göndərə bilərlər. Hacıyev hər şeyə hazır olmalıdır. Tovuza yollanmaq alqışalayiq, eyni zamanda şəxsi karyerası baxımından riskli addımdır.

Sərxan bəyin niyyətinin təmiz olduğu görünür, amma o əsl idarəçlərə xas tırzdə başqa addımlar da ata bilər. Təyinatlara qarışmaq doğru deyil, amma oyunu quranları ifşa etmək üçün başqa üsullar da var.

Nələr olacağını birlikdə görəcəyik. Amma dəqiq olan odur ki, bu xamır hələ çox su aparacaq. “Sabah”, “Zirə”, “Turan Tovuz” kimi hakimlikdən daim zərər görən klublar, onların azarkeşləri maksimum diqətli olmalı, Məmmədovun dəstəsinin təxribatlarına uymamalıdır. Bu adamların niyyəti 7 fevral, ardınca AFFA prezidenti seçkiləri öncəsi qalmaqal yaratmaq, söz-söhbətə səbəb olmaqdır.

FƏRİD

Shares: