“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin “Krasnodar”dan təklif alması şayiədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Kabo Verde millisinin üzvü hazırda Premyer Liqa təmsilçisinin maraq dairəsində deyil: “Düzdür, “Krasnodar” sağ vinger mövqeyinə oyunçu axtarışlarını davam etdirir. Ancaq siyahıda yer alan futbolçular arasında Andradenin adı yoxdur. “Krasnodar” başqa variantları nəzərdən keçirir”.
“Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Leandro Andrade bu mövsüm bütün turnirlərdə keçirdiyi 33 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə verib. Kadi Borgesin eyni marşrutla hərəkət etdiyini, “Krasnodar”la “Qarabağ”ın artıq bir dəfə transfer məsələsində anlaşdığını nəzərə alsaq, söz-söhbətlər səbəbsiz deyil.
Qeyd edək ki, “Qarabağ”ın baş meneceri Asif Əsgərov bir müddət əvvəl Rusiya mətbuatına açıqlamasında Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almadıqlarını açıqlayıb.