Rumıniyanın ÇFR klubuna baş məşqçi təyin olunan “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu vaxt itirmədən transfer fəaliyyətinə başlayıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis öz heyətini qurmaq üçün mövsümün sonunu gözləyəcək.

Mutu yayda bir neçə transferlə komandanı gücləndirməyə çalışacaq. O, öncədən tanıdığı, güvəndiyi simalara üstünlük verir. Çalışdırıcının gündəmində olan adlardan biri də Yuri Matiasdır.

Mövsümün əvvəlində ÇFR-dən məhz Mutunun istəyi ilə “Neftçi”yə transfer olunan braziliyalı mərkəz müdafiəçisi yenidən sabiq klubuna dönə bilər. Ancaq bu, heç də asan görünmür. Çünki 28 yaşlı oyunçunun Bakı təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədərdir. ÇFR 400 min avroya satdığı müdafiəçini qaytarmaq üçün ən azı bunun ikiqatını “Neftçi”yə ödəməlidir.

Qeyd edək ki, Yuri Matias 2022-ci ilin fevralından ötən ilin yayına qədər ÇFR-də çıxış edib.

Shares: