Melburnda keçirilən “Böyük dəbilqə” seriyalı turnirdə kişilərin mübarizəsində ikinci finalçı da məlum olub. Aleksandr Zverev – Daniil Medvedev qarşılaşması çox gərgin alınıb.
¼ finalda Karlos Alkarasla qarşılaşmada olduğu kimi, almaniyalı Zverev bu dəfə də ilk 2 setdə qalib gəlib. Sonrakı setlər tay-brekə qədər gedib. Onların hər ikisində Daniil Medvedev uğur qazanıb. Beləliklə də, rusiyalı tennisçi hesabı bərabərləşdirib. 5-ci setdə isə o, Zverevin səhvlərindən istifadə edərək breyk edə bilib. Bundan sonra seti qələbəyə aparan Medvedev finala yüksəlib.
Xatırladaq ki, final oyunu bazar günü keçiriləcək. Daniil Medvedevin rəqibi İtaliyadan Yannik Sinner olacaq. Sinner ilk dəfə finala çıxdığı halda, Medvedev Avstraliyada artıq final oynayıb. Əlavə edək ki, keçən il Melburnda Novak Cokoviç çempion olmuşdu.