“Turan Tovuz” rahat nəfəs ala bilər. “Səbail” üzərində qələbə qərblilərin autsayderlər qrupundan uzaqlaşmasına kömək etdi.

Əslində, hakim səhvləri olmasaydı, Ayxan Abbasovun yetirmələri daha üst pillələrdə olmalıydı. Amma hətta indiki durumda da tovuzlular 2-ci pillədən cəmi beş xal geridədir. Qərblilər dünənədək autsayder olmağın qorxusunu yaşayırdısa, hazırda orta sıralarda möhkəmlənməyin dərdindədir. Rəqiblər – “Qarabağ” istisna olmaqla – bərabər güclü olduğundan kritik matçlarda qələbə qazananlar hətta avrokuboka vəsiqəyə iddia edə bilir.

“Səbail”lə oyun ərəfəsində meydan sahibləri böyük təzyiq altında idi. Ötən tur əsas rəqiblərdən “Kəpəz”ə məğlubiyyət komandanı gərginləşdirmişdi. Üstəlik, hakimlərin ardıcıl qərəzli səhvləri futbolçuların əhvalını korlamışdı. Amma “Turan Tovuz” qəzəbini gücə çevirməyi bacardı. Qələbə də məhz bunun sayəsində qazanıldı.

Bütün oyunu birnəfəsə keçirən meydan sahibləri saysız epizod yaradıb “Səbail”ə göz açmağa imkan vermədi. Qollar sıralanınca tovuzlular layiq olduğu qələbəni qazandı. Düzdür, Abbasovun yetirmələri yenə top buraxdı, növbəti fərdi səhv reallaşdı. Lakin hətta bu da “dənizçilər”in təslim edilməsinə əngəl olmadı.

Bu məğlubiyyətlə “Səbail”in yüksək pillələrə iddiasına azacıq kölgə düşdü. Düzdür, heç nə itirilməyib, lakin yeni ildə baş tutan iki oyunda cəmi bir xalın qazanılması xoş mənzərə deyil. Bayıl təmsilçisi tezliklə toparlanmasa, bir anda özünü autsayderlər sırasında görəcək. Komandanın heyətlə bağlı ciddi itkiləri var, büdrəmələrin bir səbəbi də budur, amma bu, komandanın öz problemidir, qış fasiləsində ehtiyat qüvvəni artırmaq lazım idi.

O da var ki, hakim yardımı olmasaydı, “Səbail”19-cu turu da məğlub başa vurmalıydı. Necə ki, dünən Tovuzda hakimlər ədalətli davranınca qonaqlar gözünü açmağa macal tapmadı. “Səbail”in növbəti turda “Qarabağ”la qarşılaşacağını nəzərə alsaq, vəziyyət daha da çətinləşə bilər.

Amma komandanın yeni transferləri ümid verdi. Yeni gələnlər heyətə uyğunlaşsa və zədəlilər də sıraya qayıtsa, “Səbail” yenidən üst pillələrə qalxmağa çalışacaq. Komandanın buna potensialı var, rəqiblərin bərabərgüclü olduğunu nəzərə alsaq, bir qədər soyuqqanlı olmaq yenidən iddialıya çevrilmək üçün kifayətdir. Bu mübarizədə sabitliyə nail olanlar qalib gələcək.

FƏRİD

Shares: