Basketbol üzrə Avroliqa turnirinin “Anadolu Efes” – “Makkabi” oyunu İstanbulda deyil, Riqada keçiriləcək. Buna səbəb Qəzza bölgəsindəki münaqişədir.

Bir neçə gün əvvəl Türkiyə hökuməti rəqib komandanın təhlükəsizliyini təmin etməyə zəmanət vermədiyini bildirmişdi. Həmin an oyunun keçirilməsi üçün bir neçə namizəd şəhərlər ortaya çıxmışdı. Deyilənlər reallığa çevrildi. “Anadolu Efes” – “Makkabi” oyunu neytral meydançaya keçirildi. Hər iki ölkənin hökumətləri arasında danışıqlardan sonra görüşün İstanbulda baş tutması məqsədəuyğun sayılmadı.

Oyunun başqa yerə keçiriləcəyi ilə bağlı xəbərlər dolaşmağa başlarkən, bir neçə şəhərin adları açıqlandı. Bunlar arasında Riqa, Vilnüs, Yunanıstanın bir şəhəri və Belqradın adı var idi. Təəssüf ki, həmin şəhərlər arasında Bakını görmədik. Halbuki ölkəmizdə basketbola sevgini artırmaq üçün gözəl imkan var idi.

Son iki ildə Azərbaycan Basketbol Federasiyası bu idman növünün dirçəlməsi üçün təqdirəlayiq addımlar atıb. Çempionat yenidən bərpa edilib. Komandaların sayı 10-a çatdırılıb. Bu ildən etibarən bölgə komandalarının sayı artıb. Bu da basketbolun inkişafına təsir göstərməlidir.

Ölkəmizdə bu idman növü ilə maraqlanan kifayət qədər insan var. Sırf oynamaslar da, basketbolu izləməyi sevən azarkeşlərimiz çoxdur. Son bir neçə ildə Avroliqa marağına görə MBA-dan heç də geri qalmır. Bunu oyunları izləyən basketbol həvəskarları təsdiqləyə də bilərlər. MBA-da oyun qaydaları ilə bağlı hakimlərə verilən tapşırıqlardan sonra qarşılaşmalar yoldaşlıq xarakteri daşımağa başlayıb. Əsl basketbolu okeanın o tayında yalnız pley-off zamanı görmək mümkündür. Müntəzəm çempionat isə maraqsız və şou xarakterli ssenari əsasında keçir. Avroliqada isə demək olar ki, hər bir oyunda intriqa və mübarizə var. Bunu elə dünən keçirilən “Anadolu Efes” – “Monako” oyununa tamaşa edən istənilən azarkeş təsdiqləyə bilər.

Belə bir məqamda ələ düşən fürsətdən istifadə edib oyunu Bakıya salmaq olardı. Nəzərə almalıyıq ki, Avroliqa rəhbərliyinin şəhərlərlə bağlı heç bir qadağası yoxdur. Həm də bu qurum maliyyə resurslarını artırmaq üçün daha çox ölkəni cəlb etməyə çalışır. Misal üçün, artıq qarşıdakı ildən Dubayın komandası turnirdə iştirak edəcək. Latviyanın heç bir klubu Avroliqada çıxış etmir. Riqa bir Avroliqa şəhəri deyil. Yəni şəhər seçilərkən oranın təmsilçisinin olub-olmaması əsas götürülməyib. Bu baxımdan, qarşımızı kəsə biləcək maneə də yox idi. Həm də klubların Latviyaya deyil, Azərbaycana gəlməsi logistik baxımdan da daha sərfəli idi. Digər tərəfdən, ölkəmizin həm Türkiyə, həm də İsraillə necə yaxın münasibətdə olduğu da məlumdur. Belə bir məqamda Azərbaycan Türkiyə – İsrail münasibətlərinin yenidən yaxınlaşmasında da rol oynaya bilərdi.

Lakin artıq qərar verilib. Fevralın 8-də oyun Latviya paytaxtında baş tutacaq. Təəssüf ki,ələ düşən fürsətdən istifadə edilmədi. Ola bilsin ki, heç bunun üçün cəhd də olmadı. Amma ümid edirik ki, qarşıda ələ düşən fürsətlərdən istifadə ediləcək. Basketbol federasiyamız bu imkanı əldən verməməlidir.

İLQAR AĞAYEV

Shares: