“Qarabağ”la “Sabah”ın qələbələri bir-birinə oxşadı. Hər ikisi 3 xalı səfərdə əldə etdi və qələbə qolunu 10 nəfərlə qaldıqdan sonra vurdular. Fərq ondadır ki, ağdamlılar əvəzetmə limiti bitdiyi üçün zədəli oyunçusunu itirib azlıqda qaldı, “Sabah”ı isə qırmızı vərəqə alan kapitanı çətin vəziyyətdə qoydu.

Bununla belə, hər iki komanda əzmkarlıq göstərib istəyinə çatdı. “Sabah” bu qələbə sayəsində liderlər qrupuna yaxınlaşmaq, 2-ci pillədəki “Zirə”ylə xal fərqini 4-ə endirmək imkanı əldə etdi. “Qarabağ” isə izləyicilərindən bir az da uzaqlaşdı və çempionluğun əsas və yeganə namizədi olduğunu isbatladı.

“Qarabağ”ın son 10 dəqiqədə məğlubiyyəti qələbəyə çevirməsi, son anlarda 3 xalı təmin etməsi autsayderlə matç üçün gözlənilməz ssenari sayıla bilər. Lakin ağdamlılar bununla həm də rəqiblərinə gözdağı verir, onların inamlarını qırır. Belə təəssürat yaranır ki, hesab necə olursa-olsun, “atlılar” bir yolunu tapıb qələbə qazanacaq.

Əslində, “Kəpəz” dünən gözləniləndən yaxşı oynadı, bunda qonaqların nisbətən zəif heyətə güvənməsinin də rolu oldu. Adil Şükürovun baş məşqçi postuna təyinatından sonra inamlı təsir bağışlayan gəncəlilər, “Qarabağ”a da çətin anlar yaşatdı. Hesabı açdıqdan sonra yaxşı müdafiə olunub hesabı qorumaq olardı. Amma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov istirahət verdiyi aparıcı futbolçuları meydana buraxdıqdan sonra nominal meydan sahiblərinin müqaviməti qırıldı.

“Zirə”nin oyununda yenə hakimliklə bağlı problemlər ortaya çıxdı. İllərdir eyni şeylərdən əziyyət çəkən qəsəbə təmsilçisi narazılığında haqlıdır, həqiqətən qoldan öncə rəqibin qapısına küncdən zərbə təyin olunmalıydı. Daha bir neçə epizodda hakim xətaları var idi.

Bununla belə, “qartallar” bir az da özünü qınamalıdır. Bir hssədən çox azlıqda qalan rəqibin qapısına yol tapmaq mümkün deyilsə, deməli, hücumdakı problemlər yoluna qoyulmayıb. Düzdür, “Sabah” istədiyin vaxt qol vuracağın komanda deyil, amma avrokuboka vəsiqəyə iddia edirsənsə, əsas rəqiblərindən biri ilə qarşılaşmada ən azı uduzmamalısan.

“Zirə” artıq 7 turdur qələbəyə həsrətdir, bu müddətdə qol da vurmayıb və noyabrın 12-dən bu yana 0:0-larla cəmi 3 xal qazanıb. Ciddi statistikadır, iddialı komanda bu aqibəti yaşamamalıdır. Qəsəbə təmsilçisi hələ də mövsümün əvvəlində topladığı ehtiyatın bəhrəsini görür, rəqiblərin tez-tez xal itirməsi də komandanın 2-ci pillədə qalmasına yardım edib. Amma artıq 8-ci pillə ilə xal fərqi beşə enib, deməli, autsayderə çevrilmək də mümkündür. Elə bu gün iki komanda “Zirə”ni ötə bilər.

“Zirə” həqiqətən də hakim səhvlərindən çox əziyyət çəkir. Komandanın bəzən qorxa-qorxa oynaması, psixoloji təzyiq altında sıxılması hiss olunur. Amma böyümək istəyən bunlara sinə gərməlidir. Hakimliklə bağlı problemlər bitmirsə, bunu yalnız baş məşqçinin dilə gətirməsi ilə vəziyyət düzəlməyəcək, əksinə, Rəşad Sadıqov belə etdikcə, təkrarladıqca sözünün sanbalı azalacaq. Ona zərbə vurmaq istəyənlərin də istəyi budur. Susmaq da olmaz, klub rəhbərliyi işə qarışmalı, bəyanat verməli, mətbuat konfransı keçirməli, etirazını bildirməli, açıqlama, izahat istəməlidir. Əks halda, hər turdan sonra eyni səhnəni izləyəcəyik.

Qəsəbə təmsilçisi oyununu da inkişaf etdirməlidir. “Zirə” bu gün əla müdafiə olunan komanda kimi görünür, lakin ən yaxşı müdafiənin hücum olduğunu unutmamalıyıq. Komanda bu gün heç də yaxşı müdafiə olunmur, sadəcə, Ruan Renatodan asılı vəziyyətdədir. Ümumi komanda oyununa müsbət çalarlr qatmaq vacibdir. Şikayətlənərək avrokuboka getmək olmayacaq.

FƏRİD

Shares: